ZƏNGƏZUR DƏHLİZİ RUSİYA VƏ ERMƏNİSTAN ÜÇÜN “XİLAS YOLU”NA ÇEVRİLİR - Şok detallar

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya sonuncu səfəri ərəfəsində İrəvanda yenidən Zəngəzur dəhlizi məsələsi aktiv müzakirə edilməyə başlanılıb. Həmişə olduğu kimi, revanşistlər və "alovlu" erməni millətçiləri bu dəhlizin əleyhinədirlər. Bu qruplarla hesablaşmaq məcburiyyətində qalan Nikol Paşinyan isə, öz təbirincə desək, onlarla bir az “oynadı”. Xüsusən də Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi ideyası reallığa çevriləcəyi təqdirdə, Ermənistanın ərazi bütövlüyü ilə bağlı problemi olacaqmı” sualına o, “bəli” cavabını verdi və revanşist media bu ifadəni öz təbirincə - reavnşist ruhda - “Paşinyan Zəngəzur dəhlizinin əleyhinədir” kimi şərh etdi.
Bu gün "çılğın erməni revanşistlərin"ndən başqa, demək olar ki, heç kim Paşinyanın Rusiya Federasiyasına səfərinin əsas mövzusunun Zəngəzur dəhlizi olduğuna şübhə etmir. Reallıq isə budur ki, indiki vəziyyətdə heç bir ağlı başında olan erməni siyasətçi Zəngəzur dəhlizinin əleyhinə danışa bilməz. Çünki söhbət Ermənistan Respublikasının "sağ qalması"ndan gedir.
Təkcə iqtisadi sferanı götürsək belə, kommunikasiyalar açılmadan Ermənistan bundan sonra mövcud ola bilməyəcək. Ermənistanın iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır, ölkənin Rusiya Federasiyası ilə birbaşa sərhədi yoxdur və Rusiya Federasiyası uzun illər Ermənistan iqtisadiyyatına nəinki “dotasiya” verib, həm də "sərhədsiz ambisiyalarına görə bloklanmış" erməni müttəfiqini təchiz etmək üçün maddi-texniki xərcləri də öz üzərinə götürüb.
Ukraynadakı müharibənin hədsiz xərcləri və sanksiyaların bəhrəsi fonunda Rusiyanın artıq Ermənistana subsidiya verməyə vəsaiti yoxdur. Ermənistanın özü artıq pul qazana bilmir və təkbaşına mövcud olmağa imkanı yoxdur. Yuxarı Larsdan keçən ilin çox vaxtı tıxaclı yolda çatdırılan istənilən məhsul kəskin şəkildə bahalaşır. Bu yol və onunla gələn mallar yoxsul ölkənin sakinləri üçün baha başa gəlir. Üstəlik, buna Ukraynaya təcavüzdən sonra beynəlxalq təcridə düşən Rusiyanın özündə mal və məhsul tədarükü ilə bağlı böyük problemlər yaranmasını da əlavə etmək lazımdır.
Bu gün Ermənistan kimi logistik problemləri olan bir ölkədə ixrac üçün səmərəli məhsul istehsalı mümkün deyil. Bu arada, sanksiyaların boyunduruğuna düşən Rusiya erməni ailələrinin “çörək verəni” olmaqdan çıxır. Rusiyada qazancla yaşayan ermənilərin artıq Rusiya Federasiyasında yaşamaq üçün kifayət qədər pulu, İrəvan və ya Gümrüyə daha bahalı aviabiletlərə pulu yoxdur. Ermənistandakı qohumlara pul göndərməyə davam etməkdən artıq söhbət belə getmir. Ermənistanda onsuz da kəskin olan işsizlik problemi fəlakətə çevrildiyindən Rusiya Federasiyasından olan bir çox ermənilər, əslində, yoxsulluğa sürüklənərək Ermənistana qayıdırlar.
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi açmaqdan başqa çıxış yolu yoxdur. Elə Rusiya da ona qarşı tətbiq edilən sanksiyalar və faktiki blokada ilə əlaqədar bu gün Cənubi Qafqazdan Türkiyəyə tam statuslu “dəhliz” olmadan gedə bilməz. Rusiya üçün də Zəngəzur dəhlizi get-gedə onun yaşaması məsələsinə çevrilir və bu, mübaliğə deyil.
Gəlin ondan başlayaq ki, Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi Rusiya üçün əsl “logistika fəlakəti” oldu. Aİ ölkələri Rusiya və Belarus yük maşınlarının ölkəyə girişinə məhdudiyyətlər qoyduğundan, Polşa, Baltikyanı ölkələr və Finlandiya vasitəsilə dəmir yolu ilə yük daşımaları dayandırıldığı üçün Qərbə gedən quru yolları tam bağlanıb. Dəniz nəqliyyatı da bağlanıb. Nəticədə Baltik və Qara dənizdəki Rusiya limanlarında yükdaşımaların həcmi kəskin şəkildə azalır. Əslində, bir növ qərb istiqamətində logistik çıxılmaz vəziyyətə düşdüyünə görə, heç olmasa hansısa “pəncərə” tapılmasa, Rusiya Çinin tam asılı “xammal bazası”na çevrilir. Axı Pekinin Rusiya ərazisindən keçməklə Qərbə mal çatdırmaq məqsədi ilə Moksva ilə bərabər mənafeyə əsaslanan Rusiya-Çin partynorluq illüziyası var idisə, hazırda Rusiya bu şərtləri Şərqli tərəfdaşlarına təmin edə bilmir. Belə ki, Çin artıq özünün prioriteti olan Qərbə mal daşımaları üçün marşrutu təsbit edib. Qafqaz.media-nın xəbər verdiyi kimi, bu həftə 13 aprel tarixində Çinin Siyan şəhərindən düz Almaniyanın Manqeym şəhərinə-Rusiyadan yan keçərək mal daşıyacaq ilk qatarını yola saldı. Marşrut Qazaxıstan-Xəzər dənizi, Azərbaycan, Gürcüstan-Qara dəniz, Rumıniya, Macarıstan, Slovakiya, Çexiyadan keçir.
İkitərəfli münasibətlərdə isə Moskvanın “çəkisi və müstəqilliyi” kəskin şəkildə azalır. Bu gün Çin başa düşür ki, düşdüyü təcrid vəziyyətindən faydalanaraq Rusiyanı “küncə sıxışdırmaq”, ondan xammal tələb etmək olar və maddi-texniki imkanlardan məhrum olan Rusiya Federasiyası “müttəfiqin” - hiyləgər Çinin demək olar ki, ultimatum xarakterli şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq.
Nəticədə belə anlaşılır ki, məhz Azərbaycan ilə Türkiyə Rusiyanın Avropaya, Aralıq dənizinə və Yaxın Şərqə “çıxacağı” “pəncərə”yə çevrilir. Rusiya üçün ən ucuz və səmərəli dəmir yolu logistikası üçün isə Zəngəzur dəhlizindən başqa münasib marşrut yoxdur.
Zəngəzur dəhlizi Kreml üçün də, Paşinyan hökuməti üçün də realdır, başqa sözlə onlar üçün sözün əsl mənasında “həyat yolu”na çevrilir. Bu yola qarşı yalnız bir ovuc marginal terrorçular, revanşistlər və yarımçıq “Artsax” separatçıları qalır ki, onları elə Moskva özü "susduracaq".
Qafqaz.media