Yüzlərlə şirkət açıb milyonları mənimsədilər - MƏHKƏMƏ PROSESİ BAŞLADI

Azərbaycanda analoqu olmayan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət portalı vasitəsilə külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. Prosesə hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.
İbtidai istintaqı Baş Prokurorluqda aparılan cinayət işi üzrə ittiham olunanlar Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri dəstə halında 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri olaraq vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.
Dəstə üzvləri dövlət platforması olan, Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər. Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtli əqdlər həyata keçirilməklə leqallaşdırılıb.
Təqsirləndirilən dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq materiallarına görə, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib. İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxsləri, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir. Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan “Asan İmza”lardan istifadə etməklə yüzlərlə şirkətlər açaraq, milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib. Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib. Əslində bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.
Məhkəmə baxışına verilən iş 31 iyul saat 17:30-a təyin olunub.








































