"YPX ƏMƏKDAŞLARI MƏNDƏN 100 MANAT TƏLƏB ETDİLƏR" - "Şərifov Amid bildirdi ki, səni axır-əvvəl “ilişdirəcəm”"

Baxış sayı:
1583

“İyulun 6-da axşam saatlarında özümə məxsus 10 RP 086 dövlət nömrə nişanlı avtomobillə Lənkəran şəhərində hərəkətdə olarkən, 99 YP 570 dövlət nömrə nişanlı Yol Patrul Xidməti (YPX) tərəfindən saxlanılmışam. Məni polis avtomobilinə əyləşdirib, narkoman olduğumu dedilər. Bu münasibətə etiraz etdikdə polis əməkdaşları məni narkoloji bölməyə apardılar. Üzərimdə 5 növ test aparıdı və təmiz çıxdım. Bildirmək istəyirəm ki, 5-6 ay bundan öncə də ailə üzvlərimlə birlikdə maşında olarkən saxlanılaraq, məcburi narkoloji testlərdən keçirilmişəm. Təbii ki, o zaman da nəticələr neqativ olub”.

Bunu Muxalifet.az-ın redaksiyasına göndərdiyi şikayət məktubunda Lənkəran şəhər sakini Hüseynli Tural Nicat oğlu yazıb.

O qeyd edir ki, tibb məntəqəsindən çıxdıqdan sonra məlum olub ki, onun avtomobilini özündən xəbərsiz polis şöbəsinə aparıblar.

Şöbədə ondan 100 manat tələb olunub: “Etirazımı bildirdikdə döş nişanı 1436 olan Şərifov Amid bildirdi ki, o prinsipial adamdır, məni axır-əvvəl “ilişdirəcək”. Belə haqsızlıqlarla üzləşəndə qanunların kimlər üçünsə işləmədiyi fikrinə gəlirəm. Yol polisinin avtomobilində protokola uyğun olaraq səs və video görüntülər qeyd olunmalıdır. Tam əminəm ki, bu qeydlər ortada yoxdur”.

Şikayətçi daha sonra qeyd edir ki, DYP əməkdaşları olan Amid Şərifovun  və Yunus Paşayevin hərəkətləri polisin nüfuzuna zərbə vurur: “Bu şəxslər nə vaxta qədər bizim qanımızı içəcəklər? Nə vaxta qədər bizi dövlətdən narazı salacaqlar? Bir vətəndaş kimi hüquqlarımın bərpasında mənə köməklik etməyinizi xahiş edirəm”.

Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.