​Yer üzündəki insanlar anlamalıdır ki... - Əməkdar təyyarəçi

Bakıdakı konfransı düzgün qiymətləndirmək lazımdır. Bu gün dünyada baş verən hadisələr o dərəcədə mürəkkəb və dəyişkəndir ki, mütərəqqi bəşəriyyət sülhə can atır. Bakıda keçirilən konfrans sülh, sağlamlıq, düzlük, dövlətlər arasında qarşılıqlı sülh münasibətləri uğrunda çıxış edir. Bu gün biz buraya ona görə yığışmışıq ki, Yer üzünün bütün insanları sülhsüz yaşamağın mümkün olmadığını anlasınlar. Müharibənin baş verməməsi üçün bütün ölkələr, o cümlədən sülhpərvər Azərbaycan xeyirxahlığa və qarşılıqlı anlaşmaya can atır.
Bu fikri “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının İcraiyyə Komitəsi sədrinin müavini, Rusiya Federasiyası Qəhrəmanı, Rusiyanın Əməkdar Təyyarəçisi Vladimir Alimov “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində azərtac-a müsahibəsində söyləyib.
O bildirib ki, konfransın başlıca mövzusu dünya ictimaiyyətini sülhün və sabitliyin qorunub saxlanmasının, münaqişə və müharibələrə yol verilməməsinin vacibliyinə əmin etməkdir.
“Bütün münaqişələr yalnız danışıqlar yolu ilə tənzimlənməlidir”, - deyə V.Alimov əlavə edib.
Azərbaycan paytaxtının gözəlliyini qeyd edən Rusiyanın Əməkdar Təyyarəçisi diqqətə çatdırıb ki, sonuncu dəfə Bakıda 30 il əvvəl olub.
“Dünən şəhəri görərkən, sözün yaxşı mənasında, təəccübləndim. Təmiz küçələr, gözəl landşaft, heyranedici memarlıq nümunələri Bakını çox dəyişib. Bütün bunlar Azərbaycan Prezidentinin diqqət və qayğısını bir daha təsdiqləyir. Nəticədə Bakı Avropanın ən gözəl şəhərləri ilə bir sırada dayanır. Rusiyanın bir çox şəhərlərinin bu cür olmasını istərdim”, - deyə V.Alimov bildirib.