"Ya seçkidə qalib gəlmək üçün verilmiş bəyanatdır, ya da..." - SARKİSYANIN AÇIQLAMASI İLƏ BAĞLI POLİTOLOQ RƏYİ

Baxış sayı:
856

Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstana rəsmi səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. 

Sarkisyan bildirib ki, müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb: “10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada sülhlə bağlı hansısa bənd yoxdur. Qarabağın statusunu müəyyən etmək yolu ilə hara gedəcəyimiz, danışıqların nə vaxt başlayacağı və prosesin necə olacağı məlum deyil”.

Ermənistan prezidenti jurnalistlərin “Ermənistanla Azərbaycan arasındakı münasibətlər necə olacaq” sualına cavab olaraq bildirib ki, münaqişənin nəinki sərhəd bölgələrində yaşayan vətəndaşlar, həm də bütün Ermənistan vətəndaşları üçün nə qədər ağrılı olduğunu məlumdur.

Politoloq Elxan Şahinoğlu bildirir ki, prezident Armen Sakisyanın Ermənistan üçün həssas zamanda belə açıqlama verməsinin arxasında bir neçə səbəb dayana bilər:

“Birincisi, Ermənistandakı mövcud hökumətin vətandaşların rəğbətini qazanması və seçkidə qalib gəlməsi üçün verilmiş bəyanat xarakteri daşıya bilər.

İkincisi, Ermənistanda da Rusiyanın münaqişənin nizamlayıcı tərəf olduğuna inamın az olması;

Üçüncüsü, regionda və dünyada baş verən proseslərin təsiri ilə digər maraqlı ölkələrin Ermənistana təzyiq etmək cəhdlərinin olması haqqında mövcud hökumətə verilmiş siqnallar;

Dördüncüsü, Ermənistandakı mövcud hökumətin daxilində Qarabağ münaqişəsinin yekun həllinə nail olmaq və sülh müqaviləsinə imza atmaq məsələsində yekdil fikrin formalaşmaması ilə bağlı ola bilər”.

Ekspert hesab edir ki, gec yaxud tez zamanda Ermənistanın Azərbaycanla danışıqlar masasına oturub sülh müqaviləsinin bəndlərini müzakirə edəcəyini görmək mümkündür.