“Xəzər İnşaat” MTK-nın adı Baba Rzayevin qardaşı Emin Rzayevin adı ilə hallanır- MTK xaricə qanunsuz valyuta çıxardır

Baxış sayı:
5171

Vətəndaşlar ödənişi banka deyil, MTK-nın ofisinə nağd ödəyirlər.

Bakıda göydələn binalar inşa edən şirkətlər arasında özünü ən çox reklam edən MTK-lardan biri də “Xəzər İnşaat-XXI əsr” MTK-dır.

Reklamlarında “dənizə açılan mənzərə, ən yüksək təmirli mənzillər “ kimi cəlbedici cümlələr işlədən MTK əslində necə fəaliyyət göstərir.
İlk öncə onu qeyd edək ki, ölkəmizdə Beynəlxalq Bank biabırçılığından sonra ölkədən çıxarılan valyutaya ciddi nəzarət olunmağa başlanıldı. Bu məqsədlə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ciddi tədbirlər görməyə başladı.

Qısaca bildirək ki, bəzi şirkətlər guya mal almaq adı ilə ölkədən valyuta çıxardır. Və sonra mal-məhsul gəlməsə də valyuta geri qayıtmır. Bu əslində ölkədən valyutanı çıxartmaq üçün bir vasitədir.

Məhz buna görə də, bu yaxınlarda Xəzər İnşaat MTK-nı Palatanın şikayəti əsasında məhkəmə 20 min manat cərimələdi. MTK-nın adı daha çox Azərişıq-ın keçmiş, Azərenerji-nin indiki prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adı ilə hallandırılır.

Məlumat üçün qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Xəzər İnşaat-XXI əsr” MTK Bakının müxtəlif hissələrində hündürmərtəbəli binaların tikintisini həyata keçirir.Bu şirkət bəzən bir neçə binanı yaxın məsafədə tikir. Və elektrik təchizatında ətrafda yaşayan sakinlər üçün ciddi problemlər yaradır. Sakinlər isə etiraz edəndə nə desələr yaxşıdır:

Bizə Baba Rzayevin qardaşı xeyir-dua verib. Biz 30-40 min manat verib “texniki şərt” almışıq, hara istəyirsiniz şikayət edin. Bəli, bu MTK sanki qanunları ayaq altına alıb tapdalayır.Hətta insanların həyatı ilə oynayır. Başa düşmür ki, sabah hər hansı elektrik qəzası olarsa, ətrafdakı insanlar hətta ölə bilər.

Binaların tikintisində isə Xəzər MTK təhlükəsizlik qaydalarına riayət etmir. Hətta sakinlər də görür ki, tikintidə çalışan fəhlələr adicə “kaska” qoymurlar.

Neçə dəfə fəhlələr əmək prosesində ciddi xəsarətlər alıb. Buna baxmayaraq, şirkət rəhbərliyi belə faktların üstünü ört-basdır etməyi bacarıb.

Sakinlər bildirirlər ki, müvafiq dövlət qurumları, məsələn Dövlət Əmək Müfəttişliyi Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Xəzər İnşaat tikinti şirkətindəki qanun pozuntuları barədə mütləq ölçü götürməlidir:

Ən pis hal odur ki, MTK mənzilləri həm nəğd qiymətə, həm də Azərbaycan Beynəlxalq Bankı ilə qarşılıqlı anlaşma əsasında 10 illik ipoteka krediti ilə satır.

Maraqlıdır ki, şirkət manatın devalvasiyasına qədər dollardan imtina edib və alqı-satqı yalnız manatla aparılıb.

Dollar bahalaşandan sonra isə MMC alqı-satqını xarici valyuta ilə həyata keçirməyə başlayıb.

Və mənzil almış vətəndaşlar ödənişi banka deyil, MTK-nın ofisinə nağd ödəyirlər.

Görəsən, müvafiq dövlət orqanları hara baxır ?

Araşdırmamız davam edir.

Xeberxetti.com