XİN-İN KEÇMİŞ ƏMƏKDAŞLARI HƏBSDƏ QALDI - Ən azı iki nazir müavini də...

Baxış sayı:
5564

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşlarının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən apelyasiya şikayətləri təmin edilməyib. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə, Faiq Bağırov və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

XİN-də səfirlərdən və diplomatlardan rüşvət alınması iddiaları ...

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu il noyabrın 24-dən nazir müavini postunda işləyir. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkündür. Bir neçə gün əvvəl həbs edilənlər-nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə isə başqa bir nazir müavini-Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləridir.

R.Həsənov Azərbaycan ictimaiyyətinə tanış simadır. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. Çünki son illər komitənin məsul şəxslərinin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların da ölkə rəhbərliyinə çatdırıldığına dair iddalar vardı. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edildi. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.

Elmar Məmmədyarov həbslərlə bağlı bir neçə gün əvvəl “bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur” sözləri baş verənlərlə bağlı o qədər də narahat olmadığı qənaəti yaradır. Məmmədyarovun təxminən “mən ilin böyük hissəsini xarici səfərlərdə oluram, işləri müavinlərim idarə edir” kimi sözlərlə məsuliyyəti üzərinə götürmədiyi barədə də iddialar var. İndi ehtimal etmək olar ki, bu həbslərlə əlaqədar DTX-nın yuxarıda adını çəkdiyimiz nazir müavinlərinə də ciddi sualları olacaq. O da istisna deyil ki,  E.Məmmədyarov dönəmi bitmiş sayıldığı üçün mümkündür XİN-də nazir müavinləri ya istintaqa cəlb edilsin, ya da vəzifələrini itirsinlər… Sonuncu variant daha realdır…/“Yeni Müsavat”