Xameneyini istefaya çağıran rejissorun həyatı təhlükədədir

Baxış sayı:
2365

BMT-nin 6 eksperti İranın dissident rejissoru Məhəmməd Nurizadın dərhal həbsxanadan azad olunmasına çağırıb.

Ekspertlər bildirirlər ki, onun vəziyyəti ölümlə nəticələnəcək qədər ciddidir.

Ekspertlərin mayın 4-də dərc etdikləri bəyanatda deyilir:

"Biz Məhəmməd Nurizadla pis rəftardan və onun öz fikrini ifadə etməsinə görə davamlı olaraq həbsxanada saxlanmasından ciddi şəkildə narahatıq. Tamamilə aşkardır ki, Məhəmməd Nurizadın vəziyyəti onun həbsxanada saxlanmasına imkan verməməlidir”.

Ekspertlər əlavə edirlər ki, onun məhbəsdə saxlanması və ona adekvat tibbi xidmətin göstərilməməsi “işgəncə verilməsi” kimi qiymətləndirilməlidir.

Bir neçə filmin rejissoru və ssenaristi olan Nurizad 2019-cu ildən bəri məhkum edildiyi 17 illik cəzanı çəkir.

Amnesty International təşkilatının məlumatına əsasən rejissor İranın ali rəhbəri Əli Xamaneyini təhqir etdiyinə görə məhkum olunub.

İntihar cəhdi edib

Əvvəllər də bir neçə dəfə həbsdə olmuş rejissor Xameneyinin istefasına açıq çağırış etmiş bir neçə dissidentdən biridir.

Bəyanatı imzalamış ekspertlər insan haqlarının müxtəlif aspektləri üzrə məruzəçidirlər.

Onlar vurğulayıblar ki, Nurizad məhbusluğuna və ailəsinin incidilməsinə etiraz bildirmək üçün aclıq aksiyaları keçirib və dərman qəbul etməkdən imtina edib.

BMT ekspertlərinin bəyantında habelə Nurizadın intihar etmək istədiyi və özünə xəsarət yetirməyə cəhd göstərdiyi bildirilir.

Bəyanatda deyilir ki, rejissora ürək xəstəliyi diaqnozu qoyulub və o dəfələrlə huşunu itirib.

Onun diabetdən əzab çəkdiyi məlumdur.

BMT ekspertləri bildirirlər ki, Nurizad aprelin 14-də Tehrandakı Loğman Həkim Tədris Xəstəxanasına köçürülüb. Burada ona razılıq vermədiyi halda tərkibini bilmədiyi iynə vurulub.

Ekspertlər yazırlar ki, İran ədliyyəsinin özünün tibb-hüquq təşkilatı və başqa tibb işçiləri Nurizadın azad olunmalı olduğunu deyiblər.