Xaçlı qatillərin gözlədiyi məhşər: Türkün Suriyadakı uğuru bu məhşəri yaxınlaşdıracaqmı?

Azad İsazadə: “Türkiyənin uğurlu anti-terror əməliyyatı bizim üçün bir ümiddir” Xəbər verdiyimiz kimi, türk ordusunun Suriyada terror qruplarına qarşı həyata keçirdiyi anti-terror əməliyyatı Ermənistanda ciddi təşviş və narahatlıqla qarşılanmaqdadır. Bəzi erməni siyasətçiləri iddia edir ki, əgər Türkiyə Suriyadakı əməliyyatları uğurla başa çatdırarsa, bu, Azərbaycanın Qarabağda oxşar əməliyyatlara başlaması üçün stimul olacaq. Hansı ki, bu əməliyyatlar indidən erməni mediasında “Qarabağda məhşər” kimi xarakterizə edilməkdədir. Türkiyənin Suriyadakı uğurlu anti-terror əməliyyatı Azərbaycanın Qarabağda oxşar əməliyyata start verməsini tətikləyə bilərmi? Bunun Azərbaycan üçün mənəvi-psixoloji təsiri varmı? Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatının Azərbaycan üçün bir ümid olduğunu vurğuladı: “Birincisi, Qarabağda anti-terror, yaxud anti-narkomaniya əməliyyatı, yaxud dövlət sərhəddinin bərpa olunması əməliyyatı haqqında çoxdan danışılır. On ildən artıqdır ki, bu ideyalar ortalıqda gəzir. Mediada bu məsələlər geniş müzakirə olunur. Mənim də bununla bağlı fikir və təkliflərim olub. Bu ideya Suriyada vətəndaş müharibəsi başlamazdan öncə də mövcud idi. Sözsüz ki, kimsə bu ideyanı uğurla tətbiq edibsə, istər Türkiyə, istərsə də hər hansı dövlət, bu, bizim üçün ümiddir. Anti-terror əməliyyatını Türkiyə Suriya ərazisində keçirdi, Azərbaycan isə bu əməliyyatı öz torpaqlarında keçirəcək. Biz bu əməliyyatın adını nə qoyuruqsa qoyaq, bunu öz ərazimizdə keçirəcəyik. Biz heç bir qonşu dövlətin ərazisinə girib orada anti-terror, yaxud anti-narkomafiya əməliyyatı keçirmirik. Azərbaycanın bu əməliyyatı öz ərazisində keçirməsinin üstünlüyü, Türkiyənin Suriyada əməliyyat keçirməsindən daha çoxdur. Türkiyəyə qarşı müxtəlif sanksiyalar qəbul edilir, təzyiqlər var və s. Çünki Suriya da, bəzi iri dövlətlər də bu əməliyyatdan narazıdır. Azərbaycan isə bu əməliyyatı öz ərazisində keçirəcək”.