“Veteranlar haqqında” Azərbaycan Respublikasının, yoxsa Rusiya Federasiyasının qanunu?
Azərbaycan qanunlarında Azərbaycan veteranlarının, qazilərin, şəhid ailələrinin hüquqları tanınmır
Milli Məclisdə büdcə debatları başa çatıb, son plenar iclası 28 iyunda olacaq. Qarabağ veteranlarının, qazilərin, şəhid ailələrinin sosial müdafiəsi, veteran pulunun artırılması müzakirələri yenə də manipulyasiyadan, saxta canıyananlıqdan o yana keçmədi. Saxta “məhəbbətə” baxın, əmək və sosial siyasət komitəsinin sədri əmək və əhalinin sosial müdafiəsi nazirindən büdcədən ortalıq 12 milyon manatı işsizlərin “son mənzili”nə ayırmağı diləyir. Bəyəm ƏƏSM naziri maliyyə naziridir, ya dövlət başçısı? Gerçəkdə nazir qanunverici hakimiyyətə təklif vermək yerinə, qanunverici icra hakimiyyətinə 12 milyonluq büdcə qanunu qəbul etməyi təklif edir.(?)
80 manatlıq “veteranpulu” da eləcə. Kim bilməsə də, MM üzvləri çox yaxşı bilməlidirlər ki, bu pul 2019-cu ildən “Prezident təqaüdü” olaraq verilir. Prezidentin 15.04.2019-cu il tarixli 641 saylı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə təqaüdün məbləği 80 manat müəyyən edilib. 5 ildir nə məbləğ dəyişir, nə də deputatların “Prezident təqaüdü”nü sosial müavinət sayıb, ƏƏSMN-dən artırılmasına təklif vermələri. Yenə də saxta canyananlıq! Bəyəm MM üzvləri bilmir ki, “Prezident təqaüdü”nü təsis edən də, məbləği artırıb-azaldan da Prezidentdir? Deyəsən, bilmirlər, yoxsa Prezidentlə ƏƏSM nazirini dəyişik salmazdılar. Prezidentin bu fərmanının yalnız Qarabağ , Əfqanıstan müharibəsinin azərbaycanlı veteranlarına aid edildiyi məbləğin cüziliyində (də) özünü göstərir. “1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “ Leninqradın müdafiəsinə görə” medalı, “ Leninqradın mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 330 manatdır. Qarabağ veteranlarınınkından 4 dəfədən də çox! Hələ üstəlik “ Böyük (?-M. B.) Vətən (?- M. B.) , Leninqrad” veteranlarına kommunal, nəqliyyat, rabitə, tibb, sanatoriya ... müavinətləri, güzəştləri də verilir.
“Veteranlar haqqında” 28.06.1994-cü il tarixli Azərbaycan Respublikası Qanununu 15.11.2001-ci ildən elə dəyişdiriblər ki, bilmək olmur, bu qanun Azərbaycan Respublikasının qanunudur, yoxsa Rusiya Federasiyasının? Fikir verin, 12-ci – “kommunal, nəqliyyat və rabitə xidmətləri haqqının ödənilməsi” maddəsi yalnız İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına xidmət haqqının ödənilməsinə aylıq müavinət verilməsi hüququnu tanıyır. Bəs öz şəhidlərimiz, onların dul arvadları? 14 ( Tibbi xidmət), 15 (Dərman və müalicə vasitələri ilə təminat), 17 (Protezləşdirmə), 18 ( İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər) maddələrində nəzərdə tutulan güzəşt və müavinətlər də YALNIZ İkinci Dünya müharibəsi iştirakçılarına verilir. Bəs öz qazilərimiz, veteranlarımız? Çoxu heç veteran adını təsdiq etdirə də bilmir. Əvəzində deputat korpusu canıyananlıq sərgiləyir, nazirə dövlətin (başçısının) səlahiyyətlərindən yararlanmağa təklif verirlər.
İndi söz, Hacı Zamin demiş, əlaqədar təşkilatlarındır: “Qanunlar Azərbaycan Respublikasının adından qəbul olunur, yoxsa Rusiya Federasiyasının?”
Məğrur BƏDƏLSOY