UCAR SAKİNLƏRİ HAQSIZLIĞA ETİRAZ EDİR: “Şikayətimizə baxılmasa, aclıq aksiyası keçirib, intihar edəcəyik”

Baxış sayı:
1489

Ucar rayonu, Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edir ki, "Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyov, “Aqroservis”in direktoru Nadir Rzayev və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyev iki ailəni aclığa məhkum ediblər:
“Biz, hər ikimiz traktor sürücüləriyik. Ucar “Aqroservis”dən qanuni qaydada SAMPO markalı kombaynı və 1221 “Belarus” markalı traktoru lizinq yolu ilə, müqavilə əsasında götürüb, işlədib ailəmizi dolandırırdıq. Pul ödənişlərini də vaxtlı-vaxtında etmişik. Taxıl biçini yekunlaşandan sonra kombaynı həmişəki kimi “Ucar Aqrolizinq”in qarajında saxladıq. Artıq şum əkin işləri başladığı üçün adıma müqavilə ilə olan 1221 “Belarus” markalı traktoru qarajdan götürmək istədikdə, buna direktor Nadir Rzayev icazə vermədi, səbəbini “baş idarə bilir” dedi.
Buna görə "Aqroservis" ASC-nin məsul vəzifəli əməkdaşı Aqşin Balabəyli ilə əlaqə yaratdıqda dedi ki, problem yaradan şəxslərə texnika verilməyəcək. Biz hansı problemi yaratmağımızı soruşduqda bildirdi ki, bu il Ucar rayonunda yox, başqa rayonda taxıl biçimində iştirak etmisiniz, bu qanuna ziddir.
Biz ona bildirdik ki, bu il Ucar rayonunun Alpout, Rəctəcə, Kirovkənd, Bərgüşad və Qulabənd kəndlərində taxıl biçinində iştirak edib, bundan sonra “Ucar Aqroservis”in direktoru Nadir Rzayevdən razılıq alıb, Oğuz rayonuna getmişik.
Ucar Kənd Təsərrüfatı Texnikalarına texniki müfəttişi  Ağaisa Əliyev nazirliyin əməkdaşlarına yalandan məlumat verib ki, guya biz kombaynı oğurlayıb, Oğuz rayonunda  işlədirik. Ancaq kombaynı qanuni müqavilə əsasında işlətmişik. Buna dair sənədlərimiz var.
70 yaşı olan Ağaisa Əliyev özü həyatının böyük hissəsini saxtakarlığa həsr edib. Onun oğlu sağlam olsa da hərbi xidmətdən saxta sənədlərlə yayınmışdır. Texnikalara heç bir baxış keçirmədən, pul alıb yararlı olmasına dair saxta sənədlər verir. Lizinq yolu ilə götürülmüş texnikaları ehtiyat hissələrini pulumuzla alıb, özümüz təmir etdiririk. Ancaq sənədlərdə bunun “Aqroservis” tərəfindən edilməsi qeyd edilib, dövlətin ayırdığı pulları talan edirlər.
"Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun, “Ucar Aqroservis”in direktoru Nadir Rzayevin və Texniki nəzarət müfəttişi Ağaisa Əliyevin qanuna zidd hərəkətləri, korrupsiya əməlləri nəticəsində iki ailə aclıqdan məhv olacaq. Bizim hər birimizin himayəmizdə 5 nəfərlik ailə üzvümüz var. Yeganə gəlirimiz traktorla işləyib, qazandığımız pul idi. İndi isə bizə qarşı qanunsuzluq edilib deyə, ailəliklə aclığa məhkum olmuşuq.
Qeyd edək ki, “Ucar Aqroservis”ə məxsus 3 ədəd kombayn bu il başqa rayonlarda taxıl biçinində işləyiblər, ancaq onu nəzərə almırlar. Çünki onlar bu vəzifəli şəxslərə aylıq haqq verirlər. Biz isə ancaq dövlətə lizinqin pulunu veririk deyə, belə qanunsuzluqla üzləşmişik.
“Ucar Aqroservis”in direktoru Nadir Rzayevin fəaliyyəti yoxlanılarsa, onun korrupsiya əməlləri ilə məşğul olması subut olunacaq. Buna görə, “Ucar Aqroservis”in giriş-çıxış kitabı, lizinq müqavilələri və ödənişlər yoxlanılmalıdır. Belə olan zaman Nadir Rzayevin korrupsiya əməlləri təsdiqini tapacaq.
Bir neçə il lizinq ödənişlərini etməyən şəxslər var ki, Nadir Rzayev onlara şərait yaradıb deyə, kombayn və traktorlar idarə edirlər. Hətta onların arasında mülki işi məhkəmədə olanlar da var. Belə korrupsiya yolları ilə dövlətə külli miqdarda ziyanlar dəyir, ancaq Nadir Rzayev kapital toplayır.
Qeyd edək ki, bu şikayətin müəlliflərindən biri Həmidov Elnur Maqsud oğlunun şəxsiyyət və sürücülük vəsiqəsini Nadir Rzayev alıb, onun adından müqavilə bağlayıb, özü imza edib texnikanı başqa şəxsin istifadəsinə vermişdir. Bu vəzifə və saxtakarlıq cinayətidir ki, direktor Nadir Rzayev etmişdir.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Mehriban xanim Əliyevaya, Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova və "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri cənab Elmin Rəhmanova müraciət edib, xahiş edirik ki, şikayətimizi araşdırıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə qarşı qanunsuzluq etmiş "Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun, “Ucar Aqroservis”in direktoru Nadir Rzayev və Texniki nəzarət müfəttişi Ağaisa Əliyevin barəsində qanuni tədbirlər görəsiniz. Əks halda, biz aclıq aksiyası edib, intihar edəcəyik”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.