“Təyyarələrimiz İrana çata biləcək...” - İSRAİLİN KƏŞFİYYAT NAZİRİ

Baxış sayı:
802

“Bizim hərbi təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə,-və əlbətdə ki, İrana çata biləcək”. 

İsrailin kəşfiyyat naziri Eli Koen “Reuters”ə belə deyib.

İranla Qərb arasında nüvə anlaşmasının bərpası imkanları haqda danışan nazir bildirib ki, pis sövdələşmə regionu müharibəyə aparacaq. “Qısamüddətli mənfəət əldə etmək istəyən hər kəs uzunmüddətli mənfəəti yadda saxlamalıdır. İsrail İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Bizim təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə, əlbətdə ki, İrana da çata biləcək”,-Eli Koen xəbərdarlıq edib.

Onun sözlərinə görə, dünyanın böyük dövlətləri İranı nəinki nüvə silahı əldə etmək üçün uranı zənginləşdirməkdən və ballistik raketlərin işlənib hazırlanmasından çəkindirməlidir, eləcə də onu məcbur etməlidir ki, başqa ölkələrdə destablizasiya yaratmasın və yaraqlıları maliyyələşdirməsin.

“Reuters” qeyd edir ki, bu həftə İsrail yüksək rütbəli nümayəndələrini İran məsələsini müzakirə etmək üçün Vaşinqtona göndərib. Bayden administrasiyası İranla nüvə sövdələşməsinin bərpasına və bu ölkəyə qarşı sanksiyaların bir qədər yumşaldılmasına hazır olduğu haqda mesajlar göndərir. İsrail isə bundan məmnun deyil.

Bu arada İsrail KİV-ləri xəbər verir ki, Bağdadda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə İran ali rəhbərinin milli təhlükəsizlik müşaviri Əli Şamxani arasında gizli görüş baş tutub. Görüşdən İsrail tərəfinin də məlumatlı olduğu bildirilir.