Türkiyə kəşfiyyatı Qırğızıstanda müəllimi oğurlayıb - ƏRDOĞANDAN AÇIQLAMA

Baxış sayı:
1000

Prezident Recep Tayyip Erdoğan iyulun 5-də deyib ki, ötən ay yoxa çıxması Bişkekdə etirazlara səbəb olmuş müəllimi Türkiyə kəşfiyyatının agentləri oğurlayıblar.

Qırğızıstandakı Sapat tədris şəbəkəsinin başçısı Orhan İnandı mayın 31-də Qırğızıstan paytaxtında müəmmalı şəkildə yoxa çıxmışdı.

Onun avtomobili ertəsi gün Bişkekin mərkəzində qapıları açıq vəziyyətdə tapılmışdı. Müəllimin qiymətli əşyalarına toxunmamışdılar.

O vaxt onun xanımı ehtimal edirdi ki, əri Türkiyə səfirliyindədir.

Türkiyə hökuməti İnandını terrorçu təşkilat elan etdiyi Gülen hərəkatı ilə bağlı olmaqda ittiham edir.

100-dək adam oğurluğu

Hökumət müşavirəsindən sonra danışan Erdoğan deyib ki, İnandını Türkiyənin MIT kəşfiyyat idarəsi yaxalayaraq Türkiyəyə gətirib.

“Dəqiq və səbirli işi nəticəsində MIT FETÖ-nün Mərkəzi Asiyadakı lideri Orhan İnandını ədalətlə üzləşdirmək üçün Türkiyəyə gətirib”.

Prezident əlavə edib ki, indiyədək Fethulla Gülen hərəkatına bağlı olan 100-dək şəxs dünya boyunca müxtəlif ölkələrdən oğurlanaraq Türkiyəyə gətirilib.

TRT dövlət telekanalı əlləri qandallı İnandını iki Türkiyə bayrağı arasında dayanarkən görüntüləyən videonu göstərib.

Bundan əvvəl BMT-nin Qanunsuz Saxlamalar üzrə İşçi Qrupu Türkiyənin adamların yoxa çıxmasındakı rolunu əks etdirən bir neçə halı sənədləşdirib.

53 yaşlı İnandı Qırğızıstanda 1995-ci ildən yaşayırdı və ikili Türkiyə-Qırğızıstan vətəndaşlığı var./azadliq.org