Türkiyə İŞİD-çiləri Avropaya göndərir - GƏLƏN HƏFTƏ DEPORTASİYA OLUNACAQLAR

Baxış sayı:
168

Türkiyənin daxili işlər naziri bəyan edib ki, Ankara gələn həftədən İslam Dövləti ekstremist təşkilatının bu ölkədə həbsdə olan əcnəbi üzvlərinin öz ölkələrinə deportasiya edilməsinə başlayacaq.
"Guardian" qəzeti yazır ki, Ankara bundan əvvəl də dəfələrlə Avropa ölkələrini Türkiyə həbsxanalarında saxlanan və İD-lə əlaqələrdə şübhəli bilinən 1200-dəkvətəndaşını qəbul etməkdən boyun qaçırmaqda ittiham edib.
Daxili işlər naziri Süleyman Soylu noyabrın 8-də Ankarada deyib: “İndi isə biz sizə deyirik ki, İŞİD üzvlərini özünüzə qaytarırıq. Biz bu işə bazar ertəsindən (noyabrın 11-dən) başlayacağıq”.
Bundan əvvəlki bəyanatlarında Soylu demişdi ki, hətta vətəndaşlığı ləğv edilmiş avropalı məhbuslar da repatriasiya ediləcək. Belə şəxslər hüquqi baxımdan dövlətsiz sayılır.
Soylu noyabrın 2-də müxbirlərə demişdi:
“Ölkələr sadəcə olaraq belə keçmiş terrorçuların vətəndaşlığını ləğv edə və onları Türkiyənin öhdəsinə buraxa bilməzlər. Türkiyə xarici terrorçular üçün mehmanxana deyil”.
"Guardian" müxbiri yazır ki, Türkiyənin bu planı necə həyata keçirəcəyi bəlli deyil. Bəzi ölkələr istər mülki, istərsə də hərbi təyyarələrin sərnişin siyahısını bu təyyarələr hələ həmin ölkələrin hava məkanına daxil olmadan tələb edirlər.
Türkiyənin vətəndaşlığı ləğv edilmiş şəxsləri də deportasiya edə biləcəyi ağlabatan görünmür.
Bu da məlum deyildir ki, məsələn, repatriasiya Suriyada girovların başını kəsməklə bədnam ad çıxarmış Aine Davisə də şamil ediləcəkmi. O britaniyalı cihadçıların “The Beatles” adlı qrupuna daxil idi.
Türkiyə Davisi 2015-ci ildə İstanbulda həbs etdikdən sonra, onu 2017-ci ildə 7 il yarım həbsxana cəzasına məhkum edib.
Londondakı King’s College Universitetində Radikallaşmanın Beynəlxalq Tədqiqatı Mərkəzinin direktoru Şiraz Maher deyib: “Mən Türkiyə hakimiyyət orqanlarının bunu praktik baxımdan necə icra edə biləcəyini görmürəm. Məncə Britaniya bu şəxsləri daşıyan təyyarələrin enişini qadağan edəcək”.
Soylu deyib ki, hazırda Türkiyədə 1200-dək əcnəbi İŞİD üzvü həbsdədir və qadınlar və uşaqlar da daxil daha 287 nəfər Türkiyənin Suriyaya son hərbi müdaxiləsi zamanı həbs olunub.
"Guardian" yazır ki, İŞİD-in internetlə səfərbərlik işində fəal şəxslərdən biri, Britaniya vətəndaşı olan 25 yaşlı qadın – Tooba Qondalın Suriyada Türkiyə hərbçilərinin əsirliyində olduğu güman edilir. O hərbi əməliyyatların yaratdığı qarışıqlıqdan istifadə edərək kürd qüvvələrinin nəzarətində olan həbs düşərgəsindən qaça bilmişdi.
Ötən ay verilən xəbərlərdə deyilirdi ki, Suriyadakı saxlama düşərgəsindən qaça bilmiş iki niderlandlı qadın uşaqları ilə birlikdə Ankaradakı Niderland səfirliyinə müraciət edib və öz ölkələrinə qayıtmaq istədiyini bildirib.
Türkiyə hakimiyyət orqanları onları həbs edəndə Niderland hökuməti dərhal bildirmişdi ki, ikili Niderland-Mərakeş vətəndaşlığı olan qadınlardan biri Niderland vətəndaşlığından məhrum edilib.
Birləşmiş Krallıq 2010-cu ildən bəri 100-dən çox britaniyalını onların İŞİD, əl-Qaeda, əş-Şabab kimi terrorçu qruplarla iddia edilən bağlılığına görə vətəndaşlıqdan məhrum edib.
1961-ci ilin beynəlxalq konvensiyasına görə kimisə vətəndaşlıqsız qoymaq qanunsuz hesab edilir. Lakin Britaniya və Fransa da daxil bir neçə ölkə bu konvensiyanı imzalamayıb.
Məsələn, Şamima Bequm və Cek Letts adlı iki britaniyalının işi bu səbədən uzun müddətdir ki, hüquqi müstəvidə həllini tapa bilmir. (azadliq.org)