​“TƏRTƏR SOYQIRIMI” İNSANLIĞA, BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTDİR - Ayrıca İstintaq Komitəsinin yaradılmasına ehtiyac var

Baxış sayı:
1410

“Tərtər işi” kimi tarixə düşən insanlığa qarşı ağır cinayətin araşdırılmasının Baş prokurorluqda yaradılmış istintaq orqanına tapşırılması yenidən ölkədə Ayrıca (deyilişi də anlayışı da çətin olan “əlahiddə”dən imtina etməyin də çağıdır)  İstintaq Komitəsinin (AİK -dilimizin qanunlarına görə qurumun adının baş hərfləri böyük yazılır- M.B. ) yaradılmasını gündəmə gətirib.
Bizdə “cinayət hüququ” elə inkişaf edib ki, az qala bütün dövlət qurumlarının özlərinin təhqiqat -istintaq orqanları insanların, vətəndaşların qanına susayıb. Hüquq mühafizə orqanlarını bir qırağa qoyaq, vergi ,  fövqəladə hallar, gömrük, sərhəd, müdafiə ... ( yaddan çıxanları redaktorun əlavə etməsini diləyirəm – M.B.) qurumlarının hərəsinin beli tapançalı, əlində qandalı (hazır) təhqiqat-istintaq qrupları xırda sahibkarları, əlilləri, insanları ,  qadın – uşaq demədən,  həbs etmək səlahiyyətinə malikdir. Şişirtməyimizi fikirləşənlər yanılırlar.
Vergilər Nazirliyinin  (hazırda İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti) bir çağlar işi – gücü MM -də silah gəzdirmək hüququnun qanuna salınmasına nail olmaq idi. Axırı, istəklərinə  çatanda elə tullanıb – düşürdülər  ki, elə bil Qarabağı qurtarıblar. Ümumiyyətlə, yəqin mentalitetlə bağlıdır, hamı silahlı  uniformada əmr verməyi, uşaq olsun, qadın olsun,  əlil olsun, başına tapança dirəyib qürrələnməyi sevir və seçir. Təsəvvür edin, Ağsuda sahədən soğan – sarımsaq yığıb qurudan qız – gəlini vergi istintaqçıları sıraya düzüb silahla hədələməklə “etirafedici” ifadə verməyə məcbur ediblər ki, qanunsuz soğan -sarımsaq əkiblər! (?)  5-6 il qabaq vergi “döyüşçüləri” gecə ilə Bakıxanov qəsəbəsindəki əlil köşkünə “yüngül silahlardan” yararlanmaqla hücum edib gözdən  hərbi əlil olmaqla bir neçə nəfəri maşına basıb , Yasamal polis idarəsinin zindanına salmışdılar. Heç bir məhkəmə qərarı, prokuror nəzarəti olmadan.
Ombudsmanın “istintaq qrupu”na zəng edəndə yalnız polisdən şikayətləri araşdırdıqları, polisin 102  , prokurorluğun 4920138  , 4925540 nömrəsinə zəng edəndə vergi “döyüşçülərinin” Qarabağ qazilərini dustaq etmələrinə qarışmaq səlahiyyətlərinin olmadıqları bildirilib.(?)  Hətta gözdən əlilə həbs qətimkan tədbiri də prokurorluğun yox, vergi istintaqının saxta  təqdimatı ilə həbsdən bir neçə gün sonra  seçilmişdi.  Məhkəməyə də 3-5 manat gərəkdir, təqdimatı kimin verməsinin, ümumiyyətlə verməməsinin heç bir önəmi yoxdur.
Elə hazırda da sürən “MTN işi”ndə həbsin necə seçilməsi, 3-5 manat alandan sonra necə həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məhkəmələrin istintaq orqanlarının 3-5 manatından da aşağı səviyyədə olmasını ortaya qoyur. “Tərtər işi”ndə olduğu kimi. Dəhşətdir, adama ağlasığmaz işgəncə ver, sonra da pul aldığını burax, pulu olmayanlara ömürlük, uzun müddətli cəza təyin et! Belə məhkəmə hüquq sistemi ilə istintaqı kimin aparmasının nə anlamı, nə müsbət sonucu ola bilər? Allah Vahidə rəhmət eləsin, yaxşı deyib : “Tutaq ki, əsrimizin həzrəti İsası mənəm, Bu soxasoxda necə möcüzə icad eləyim?”
Prezidentin göstərişi ilə 5 il qabaq baş verən insanlığa qarşı qanlı cinayətlərin araşdırılması üçün yeni istintaq qrupunun baş prokurorluqda təşkil olunması, fikrimizcə, obyektiv araşdırmaya gətirməyəcək.  Heç hansısa digər hüquq mühafizə orqanının da bu işi müstəqil incələməsi inandırıcı görünmür. Hansına üz tutursan, bu və ya digər dərəcədə maraqlılığı bəlli olur. Elə  işgəncəgörənlərdən bəzilərinin prokurorluğun başında duranları işgəncə yerində görmələrini açıqlamaları onların yenidən “hazırlanmaları” çabaları ilə sonuclanıb. Belədə hansı obyektivlikdən danışmaq olar? Biz hələ geydirmə veteranların, “şəhid ailələrinin” dili ilə istintaqa yetki göstərmək çabalarını demirik.  Fikrimizcə, heç kəsdən asılı olmayan,  hazırkı – keçmiş peşəkarlardan ibarət  istintaq qrupu təşkil edilməlidir. Belə çağlarda gözlər dövlətin başçısına dikilir, Prezidentin hərbi məsələlər üzrə köməkçisi (postu) nə işlə məşğul olur?  General – polkovnik Məhərrəm Əliyev peşəkar istintaqçıdır ,  müdiri olduğu şöbədə də yetərincə peşəkarlar çalışır , niyə istintaq orqanına rəhbərlik etməsin? Hətta Türkiyədən də istintaqçılar, kriminalistlər çağırmaq olar. Bütövlükdə isə ölkənin  müstəqil istintaq komitəsi yaradılsa, hərənin özünə sərf edən araşdırmasından qurtulmaq olar.
...Hazırkı situasiyada ən birinci edilməli iş Tərtər dustaqlarının istintaq başa çatanadək qapılarının açılmasıdır ...
Məğrur BƏDƏLSOY