Trampdan İranla ticarət edənlərə ZƏRBƏ: Azərbaycan bazarına nə vəd edir?

Baxış sayı:
319

Artıq xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın qərarına əsasən İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər.

Qərarın icra mexanizmi hələ açıqlanmayıb. Böyük ehtimalla, onu qərar veriləndən sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər.

Trampın bu qərarının İranın ən böyük ticarət tərəfdaşları olan Hindistan, Çin, Türkiyə kimi ölkələrə ağır təsir edəcəyi gözlənilir. Çünki hər üç ölkənin həm də ABŞ-la ticarəti böyükdür. Üstəlik, hazırda Çin mallarının ABŞ-a idxal rüsumu 60 faizdən yuxarı, Hindistan malları üzrə rüsum 50 faiz, Türkiyə malları üzrə rüsum isə 15 faiz təşkil edir. Əlavə 25 faizlik rüsum hər üç ölkə üçün ciddi problemə səbəb ola bilər.

İranla ticarəti olan Azərbaycan üçün də Trampın qərarının ciddi mənfi nəticələri olacaq. İlk növbədə onu qeyd edək ki, qərardan hər hansı istisna əldə edilməsə, Azərbaycan məcbur olacaq İranla bütün ticarəti dayandırsın. Çünki Trampın qərarından sonra ticarətin davam etdirilməsi açıq şəkildə ona qarşı getmək kimi qiymətləndiriləcək, bu isə iqtisadi zərərdən daha çox siyasi nəticələrə gətirib çıxara bilər.

İqtisadi baxımdan yanaşsaq, hər iki ölkə üzrə ticarətdə Azərbaycanın idxalı ixracından on dəfədən çox azdır. Eyni zamanda ABŞ-a ixracımızın həcmi İrana ixracımızdan 12 dəfədən çox daha artıqdır. Bu baxımdan, İrana ixracın dayanması Azərbaycan üçün daha az təsirli ola bilər. Lakin idxal məsələsində bunu söyləmək mümkün deyil. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2025-ci ilin yanvar-noyabrında Azərbaycanla ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard 364 milyon 998.01 min dollara bərabər olub. Bu həcmin cəmi 56 milyon 191.69 min dolları Azərbaycanın ABŞ-a ixracından ibarətdir, qalan həcm ABŞ-dan idxalımızı əks etdirir. 2024-cü ilin eyni dövründə qarşılıqlı ticarət 1 milyard 507 milyon 398,31 min dollar təşkil etmişdi. Bunun 1 milyard 377 milyon 436.34 min dolları idxal, 129 milyon 961.97 min dolları ixrac olub.

ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib

ABŞ-a ixracımızda toyuq yumurtası, meyvə-tərəvəz konservləri, onlardan əldə olunan içkilər, tərkibində 55 kütlə faizindən çox silisium olan ferrosilisium ərintiləri, reaktiv mühərriklər üçün yanacaq, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, digər inersiyasız su qızdırıcıları və ya istilik su akkumulyatorları və sairdən ibarətdir. ABŞ-dan isə qızıl, məişət cihazları, avtomobillər və sair alırıq.

İrana gəlincə, 2024-cü ildə cənub qonşu ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi 647,1 milyon dollara çatıb. Bu, 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Həmin il Azərbaycan İrana cəmi 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İrandan məhsul idxalı isə illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artaraq 633 milyon dollara çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycandan ABŞ-a ixrac 135,6 milyon dollar təşkil edib.

2025-ci ilin yanvar-noyabrında Azərbaycanla İran arasında ticarətin həcmi 568 milyon 106.44 dollar təşkil edib: 558 milyon 705.86 min dollar İrandan Azərbaycana, cəmi 9 milyon 400.58 min dolları əksinə ixrac olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Ötən ilin eyni dövründə qarşılıqlı ticarət 583 milyon 645.89 min dollar olub. Bunun 570 milyon 776.23 min dolları Azərbaycanın idxalının, 12 milyon 869.66 min dolları isə ixracının payıdır. Ticarətdəki azalmanın əsas səbəbi may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşmasıdır.

İran və Azərbaycan arasında rəsmi ticarət mübadiləsi təqribən 671,5 milyon dollara çatıb - İRNA Azəri

Gömrük statistikasından aydın olur ki, may ayına qədər ticarət həcmləri artıb, maydan sonra müəyyən azalma olub.

İrandan idxalın strukturuna baxdıqda, ticarətin dayanmasının əhalinin aztəminatlı təbəqələri üçün böyük zərər yetirəcəyini görə bilərik. Belə ki, bu halda İrandan idxal edilən və həmin təbəqələr üçün əlçatan olan ərzaq məhsulları, məşişət avadanlıqlar, təsərrüfat mallarını daha baha olan digər mənbələrdən tədarük etməli olacağıq. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır.

Dövlət Statistika Komitəsinin aylıq xarici ticarət hesabatından aydın olur ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan 4 milyon 663,48 min dollarlıq 1117,56 ton təzə alabalığın hamısı, 689,36 ton təzə və ya soyudulmuş karpın 312,3 tonu, 34,75 ton təzə və ya soyudulmuş digər balığın hamısı, 93,78 ton təzə və ya soyudulmuş balıqlar, digərlərinin hamısı, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 1-6 kütlə faiz yağ olan süd və qaymaq - 2561,06 tonun 1115,3 tonu, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 10 kütlə faizdən çox yağ olan netto həcmi 2 litrdən artıq olmayan bağlamalarda süd və qaymaq 885,96 tonun 691,28 tonu, şəkər əlavəsi olan, toz, dənəvərlər halında, tərkibində 1,5 kütlə %-dən çox yağ olmayan süd və qaymaq 1450,56 tonun 953,72 tonu, kərə yağı 7157,57 tonun 2880,72 tonu, süd pastaları 1745,49 tonun 1699 tonu, gül kələm 53,87 tonun 53,77 tonu, təzə və ya soyudulmuş kələm, ağbaş, qırmızıbaş və digər kələmlər 4369,32 tonun 4079,08 tonu, Baş salat-kahı (baş kələm salatı), təzə və ya soyudulmuş 544,47 tonun hamısı, təzə və ya soyudulmuş yerkökü və şalğam 2934,02 tonun 2933,14 tonu, xiyar və kornişonlar, təzə və ya soyudulmuş 2151,39 tonun 2150,74 tonu, təzə və ya soyudulmuş badımcan 4782,95 tonun 4704,75 tonu, Digər kərəviz, kök kərəvizdən başqa, təzə və soyudulmuş 50,42 tonun hamısı, Capsicum növünün və ya Pimenta növünün barı (qabıqlı şirin bibər və digərləri), təzə və ya soyudulmuş 4954,33 tonun 4804,59 tonu, Salat tərəvəzi, salat-kahıdan və kasnıdan başqa və digərləri 816,44 tonun 806,38 tonu, qabıqlı püstə 147,2 tonun 105,06 tonu, təzə və ya qurudulmuş xurma 4226,75 tonun 2966,24 tonu, təzə və ya qurudulmuş portağal 11573,68 tonun 9577,52 tonu, qurudulmuş üzüm 1996,02 tonun 1020,11 tonu, 336,73 ton qarpızın 329,6 tonu, təzə heyva 43,65 tonun 33,05 tonu, təzə kivi 2198,04 tonun 2126,5 tonu İrandan alınıb.

İrandan həmçinin ədviyyat, şokolad və şokoladlı məmulatlar, qənnadı məmulatları, çörək-bulka məmulatları və digər ərzaq məhsulları idxal olunur.

Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftava və dəsmala, uşaq oyuncaqlarından tutmuş geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan böyük həcmdə müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxal olunur.

İrandan idxal olunan bütün məhsullar digər bütün bazarladan alınanlardan ən azı 20 faizədək daha ucuzdur. Buna görə də idxalın dayanması Azərbaycanın daxili bazarında ciddi qiymət artımına, inflyasiyanın sürətlənməsinə səbəb ola bilər./musavat.com