Tramp müsəlman mühacirdən ianə qəbul edib... - MÜSƏLMANLARIN ABŞ-a GİRİŞİNƏ QARŞI OLSA DA
ABŞ-da respublikaçıların prezidentliyə namizədi müsəlman imiqrantların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edir. O, əminliklə bildirir ki, Yaxın Şərqdə qaçqın düşənlərin çoxu özünü İslam Dövləti adlandıran terrorçu qrupun üzvləridir. Donald Tramp deyir ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq, narkotik ticarətçilərini ölkəyə buraxmamaq lazımdır. O təklif edir ki, ABŞ-Meksika sərhədlərində “böyük, gözəl” bir divar tikilsin.
İctimai Vəhdət Mərkəzi müəyyənləşdirib ki, Trampın prezident kampaniyası bu ilin əvvəlində Kanadada yerləşən suriyalı qaçqından qeyri-qanuni ianə qəbul edib.
Əcnəbilərə siyasi kampaniyalara ianə vermək qadağandır və Trampın sözçüsü Hope Hicks deyir ki, kampaniya indi Torontodan olan Şəhriyar Nasirə ödədiyi 225 dollarlıq ianəni geri qaytarmağa çalışır.
Publicintegrity.org yazır ki, Şəhriyar Nasir kompüter proqramçısıdır. Tvitter hesabında o, özünü “məğrur müsəlman” kimi təqdim edir və Kanadada yerləşən suriyalı qaçqınlara kömək edir.
Şəhriyar Nasirin Tramp kampaniyasına yardım etmək əhvalatı belə olub: o, dostuyla qərara gəlib ki, “xeyriyyəçilik əleyhinə” vəsait toplasınlar. Onlar bunun üçün Trampı seçiblər. Aprel ayında dostlar 300 Kanada dolları yığa biliblər, bu isə ABŞ valyutası ilə 225 dollar edib.
Bundan sonra Nasir Tramp kampaniyasına onlayn pul keçirib və belə deyək, onun donorlarından biri olub.
Ancaq onların niyyəti Trampın siyası kampaniyasına yardım etmək olmayıb, əksinə, onlar prezidentliyə namizədin xeyriyyə fonduna vəsait köçürmək istəyiblər, ancaq təsadüfən, vəsait Trampın seçki kampaniyasının hesabına köçürülüb.
Əcnəbilərə seçki ianəsi vermək niyə qadağandır?
Yalnız ABŞ vətəndaşlarına və vətəndaşlıq statusunda yaşayan imiqrantlara yerli siyasətçilərin seçki kampaniyasına maliyyə yardımı etmək icazəsi verilir.
Amerikalı hüquqşünas Ken Gross deyir ki, siyasi namizədlərin kampaniyalarında təhlükəsizlik üçün ABŞ-dan kənarda yaşayanların töhfələrinə aşırı diqqət yetirilir. Onun sözlərinə görə, kampaniya təşkilatçıları və ya daha böyük olan PAC-lar (məhdudiyyətsiz vəsait qəbul etmək hüququ olan və birbaşa namizədə bağlı olmayan seçki kampaniyası –red.) yalnız ABŞ vətəndaşları və “Green kard”ı (imiqrantlara ABŞ-da yaşamaq və işləmək hüququ verən sənəd –red.) olanlardan vəsait qəbul edə bilərlər.
Tramp yetkililəri susur
Nə Trampın sözçüsü Hicks, nə də Federal Seçki Komissiyasının keçmiş rəhbəri Tramp kampaniyasının hüquqşünası Don McGahn onlara ünvanlanan “xarici mənbələrdən ödənən vəsaitləri necə nəzərdən keçirilər” sualını cavablandırmayıblar.
Ancaq sonradan Tramp kampaniyasının xəzinədarı Timothy Jost-ın imzası ilə Federal Seçki Komissiyasına daxil olan məktubda deyilir ki, onlar yalnız qanunların yol verdiyi şəkildə ianə toplayırlar. Timothy Jost vurğulayır ki, ABŞ pasportu olmayan və ya pasport göstəricilərini təsdiqləməyən şəxslərdən ianə qəbul etmirlər.
Maliyyə məsələləri üzrə vəkillik qrupu olan Qanuni Kampaniya Mərkəzinin icraçı direktoru Paul S. Ryan deyir ki, bu, ciddi qanun pozuntusudur və Federal Seçki Komissiyası bununla məşğul olmalıdır.
Federal Seçki Komissiyasının sözçüsü Judy Ingram-ın konkret vəziyyəti, yəni Trump kampaniyasında əcnəbi ianəsini şərh etməkdən imtina edib.
Komissiya, adətən, seçki kampaniyasına əlavə məlumatlar verilməsi ilə bağlı məktub göndərir. Qurumun avqust ayında açıqladığı məlumarda, Tramp kampaniyasına ianə etmiş üç əcnəbinin adı çəkilir, ancaq Nasirin adı bu siyahıda yoxdur.