TƏLƏBƏLƏR İMTAHANLARIN VƏ TƏHSİL HAQQININ LƏĞVİNİ TƏLƏB ETDİ - Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada həbs olunanlar var / VİDEO

Baxış sayı:
3724

Bu gün Bakıda "yay imtahanlarının və təhsil haqqının ləğvini" tələb edən tələbələrdən bəziləri cərimə olunub, bir nəfər 15 sutka həbs edilib.

Təhsil Nazirliyi qarşısına toplaşmış tələbələr və ictimai fəallar BBC News Azərbaycancaya bildiriblər ki, onlar karantin tədbirləri müddətində "onlayn keçirilən təhsilin keyfiyyətindən narazıdırlar".

Təhsil Nazirliyindən bildiriblər ki, "tələbələrdən üçü nazirlikdə qəbul olunub və onların tələbləri dinlənilib".

Koronavirus pandemiyasına görə mart ayından etibarən, Azərbaycandakı təhsil qurumlarında tədris dayandırılıb. Bəzi təhsil müəssisələri dərsləri onlayn davam etdirib.

Tələbələrin tələbi nə olub?

Nazirliyin qarşısına toplaşan tələbələr bu tədris ili üçün "imtahanların və universitetə ödənişin ləğv olunması" ilə bağlı Təhsil Nazirliyinin rəsmiləri ilə görüşməyə təşəbbüs ediblər.

Təhsil Nazirliyinin qarşısında olan BBC News Azərbaycancanın müxbiri bildirib ki, qurumun qarşısına toplaşan bir neçə tələbə və ictimai fəal polis tərəfindən saxlanıb.

BBC müxbirinin müşahidəsinə görə, polis əvvəlcə tələbələri qəbul üçün nazirliyin binasına aparıb.

Ancaq sonradan binaya aparılmış tələbələrdən biri telefonla əlaqə saxlayaraq, digər tələbə yoldaşlarına "mülki polis tərəfindən oradan uzaqlaşdırıldıqlarını" bildirib.

Nazirliyin qarşısında saxlananlar arasında ictimai fəallar - Qiyas İbrahimov, Allahverdi Həsənov, İlham Əhmədovun da olduğu bildirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin bu hadisə ilə əlaqədar bildirib ki, bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında "xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib".

"Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər - aksiyanın təşkilatçısı barəsində toplanan materiallar isə rayon məhkəməsinə göndərilib", Bakı polisi bildirib.

Təhsil Nazirliyi: "3-4 həftəlik mühazirələr təşkil olunacaq"

Təhsil Nazirliyindən verilən açıqlamaya görə, "tələbələrdən üçü nazirlikdə qəbul olunub və onların tələbləri dinlənilib".

Qurumdan bildiriblər ki, koronavirus epidemiyasına görə, vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun müvəqqəti dayandırılmasına baxmayaraq, tələbələri quruma dəvət edərək onlarla görüşüblər.

Nazirlik bəyan edir ki, onlayn tədrisdən faydalana bilməyən və buna görə də imtahanda iştirak etməyə hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) onlar üçün avqust ayında 3-4 həftəlik əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq.