“TENDERLƏR KRALI” DÖVLƏTİN MİLYONLARINI TALAMAQDA İTTİHAM OLUNUR… - Üstəlik, o, işlətdiyi insanların pulunu da vermir…

Baxış sayı:
916

İş adamı tərəfindən dələduzluğa məruz qalan Arif Əkbərov: “Dedi ki, get kimə istəyirsən şikayət elə, mənə kimsə heç nə edə bilməz”

Azərbaycanda “tenderlər kralı" kimi tanınan Hacı Ramazan Mirzəyev barəsində redaksiyamıza ciddi faktlar daxil olduğunu bildirmişdik. Qeyd etmişdik ki, şou-biznesdə müğənni Şəbnəm Tovuzlu ilə birgə adı hallanan və ondan heç də az populyar olmayan Hacı Ramazan külli miqdarda dövlət əmlakını mənimsəməkdə və dələduzluqda ittiham olunur.

Xatırladaq ki, Hacı Ramazan Mirzəyevin tender maxinasiyaları ilə bağlı mətbuatda çoxsaylı faktlar mövcuddur. Məsələn, təkcə 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə bağlı olması iddia olunur.

““Hürriyyət”ə müraciət edən Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlu isə Hacı Ramazana məxsus olan daha bir şirkətin - "VEST-LTD” MMC-nin milyonluq maxinasiyaları haqda redaksiyamıza sənədlər təqdim edib. Hansı ki, bu sənədləri araşdırdıqda "VEST-LTD” MMC-nin əlil ilə milyonlarla manat vəsaitin dövlət büdcəsindən necə oğurlandığı haqda yetərli informasiyalar əldə etmək olur. Üstəlik, bu sənədlərin hər birində Hacı Ramazan Mirzəyevə “krışa”lıq edən məmurların kimliyi və onların çirkli işbirliyi haqda da kifayət qədər faktlar mövcuddur”, - deyə bildirir.

Sayı-hesabı bilinməyən şirkətlər...

Mövzuya keçməzdən öncə dəyərli oxucuların diqqətinə çatdıraq ki, Mirzəyev Ramazan Məmməd oğlu Azərbaycan təmir-tikinti fəaliyyəti ilə məşğul olan “Məmmədoğulları Holdinq”in sahibidir. Bu holdinqə irili-xırdalı onlarla şirkət daxildir ki, onlardan bəzilərinin adlarını yuxarıda qeyd etdik. İddia olunur ki, bunlardan əlavə, Hacı Ramzan tərəfindən indiyədək mətbuata bəlli olmayan və müxtəlif şəxslərin adına rəsmiləşdirilən onlarla şirkət təsis olunsa da, onların bir çoxu qısa müddətdən, yəni əldə olunan layihənin icrası başa çatdıqdan dərhal sonra ləğv edilib. Burada da məqsəd həm külli miqdarda vergidən yayınmaq, həm də tikinti zamanı milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi faktını ört-basdır etmək olub. Bütün bunlar haqda növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik. İndi isə Hacı Ramazan tərəfindən dələduzluğa məruz qaldığını bildirən Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlunun fikirləri ilə oxucularımızı tanış edək.

Rəfail Mehralıyevlə Ramazan Mirzəyevi nə bağlayır?

Rəfail Mehralıyev

Məlumat üçün bildirək ki, Arif Əkbərov Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Ticarət Departamentinin rəsmi əməkdaşı olub. 40 illik mühəndislik təcrübəsi olan A.Əkbərov özünə tikinti briqadası yaradaraq, Ticarət Departamentinin sifariş verdiyi layihələri icra etməklə məşğul olub. Gördüyü işin keyfiyyəti hər kəsin diqqətini çəkdiyindən, bir gün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəhbərliyi ona Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binan bərpa-tikinti işlərini görməyi təklif edib. Departament sədri Rəfail Mehralıyev onu şəxsən dəvət edərək bildirib ki, tikintiyə dair müqavilə yaxın dostu, şəriki Ramazan Mirzəyevin (Məşhur Hacı Ramazan – müəl.) rəhbərlik etdiyi "VEST-LTD” MMC ilə bağlandığından, soruşan olsa, işin sözügedən şirkət tərəfindən icra olunduğunu bildirsin.

“Dedilər ki, işi gördükcə pulu hissə-hissə veriləcək...”

Arif Əkbərov deyir ki, Rəfail Mehralıyevin təklifini qəbul edərək, elə həmin gün deyilən 5 mərtəbəli binaya baxmağa gedib: “Binaya baxdım, hazırlıq işləri görməyə balşadım. Sənədləşmə hələ tamamlanmasa da, tikintiyə başlaya biləcəyimi bildirdilər. Soruşdum ki, maliyyə necə ödəniləcək. Dedilər ki, işi gördükcə hissə-hissə veriləcək. Mən tikintiyə başladım və bütün fərhlələrə də tapşırdım ki, soruşan olsa, "VEST-LTD” MMC-nin işçiləri olduğunu desinlər. Onu da deyim ki, sənəddə bu şirkətin rəhbəri kimi T.Mustafayev adlı başqa bir adamın adı keçir. Amma onu tanımırdım, bilirdim ki, əslində rəhbər Hacı Ramazan Mirzəyevdir. Hansı ki, “Bakı Şəhər İcra Hakimiyyətinin tenderlər kralı” kimi tanınır.

Başdan pul ödənilmədiyi üçün fəhlənin, texnikanın haqqını öz cibimdən verirdim. Materialların da bir hissəsini öz hesabıma, bir hissəsini isə nisyə almışdım. Ticarət Departamentində işlədiyimə görə məni bazarda tanıyırdılar, bilirdilər ki, iş görənəm, nisyə mal verirdilər.

“Evimi girov qoyub “Parabank”dan 70 min manat kredit götürdüm…”

Bir müddət işlədikdən sonra, gördüm ki, vəziyyət çətindir, fəhlələrin, texnikanın, eləcə də bazarın pulunu vermək lazımdır, məcbur olub, 12 sotun içərisində olan ikimətrəbəli bağ evimi girov qoyub, 2012-ci il martın 12-də “Parabank”dan 70 min manat kredit götürdüm. Qarşıdan Novruz Bayramı gəlirdi deyə, işçilərə pul verməliydim.

May ayından etibarən artıq ödəniş etməyə başladılar. Yəni, gəlib baxırdılar, 100 min manatlıq iş görülmüşdüsə, gətirib 50 min manat pul verirdilər. Sonra bəlli oldu ki, təkcə mənə deyil, hər kəsə bu cür ödəniş edirlər. Yəni Bakı şəhərində onların işini görən 20 nəfər adamın hamısına bu cür iş gördürürdülər. Məsələn, Nizami metrosunun yanında 4 binanın bərpa-tikinti işi gedirdi, hər birini də ayrı-ayrı adamlar, briqadalar həyata keçirirdi.

263 nömrəli məktəbin əsaslı təmiri ilə bağlı təklif

Bir müddət sonra Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən mənə Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 nömrəli məktəbin əsaslı təmiri ilə bağlı da təklif gəldi. Dedilər ki, təcili başlamaq lazımdır, 3 ay müddətində təhvil verilməlidir. “Qüsur aktı”nı mənə təqdim etdilər, baxdım bazar qiyməti ilə 1 408 000 manat həcmində dəyərləndirilib. Dedim, ödənişi gecikdirməsəniz, deyilən müddətdə təhvil verərəm.

“Şəxsiyyət vəsiqəmin surətini kağıza çıxarıb, altından nə qədər aldığımı qeyd etdirirdilər”

Burda da 1 ay təmir işlərini gördükdən sonra, pul verməyə başladılar. Pul da nəğd şəkildə ödənilirdi. Yəni “Qaqarin körpüsü”nün yanında yerləşən “Əmrahbank”ın filialına gedirdim, orda pulu verirdilər, şəxsiyyət vəsiqəmin surətini kağıza çıxarıb, altından nə qədər aldığımı qeyd etdirirdilər. Kağızın surətini bizə vermirdilər, onların bankdakı nümayəndəsində qalırdı. Mən sadəcə kitabcamda özüm üçün qeyd aparırdım ki, filan tarixdə bu qədər pul aldım.

Bu minvalla, təmiri yüksək səviyyədə başa çatdırdım. Məktəbin əsaslı təmirini bitirəndə, mənə cəmi 1 010 000 manat pul ödəmişdilər və 398 min manat borc qalmışdı. Nizami metrosunun yanındakı işə görə isə, iki dəfə yoxlama aparıb 190 min manat pulumu kəsəndən sonra, mənə 100 min manat borclu qalmışdılar. Yəni bir çox xərcləri nəzərə almadılar. Məsələn, bir krana hər gün üçün 250 manat, bəzi günlərdə isə 450 manat pul verirdim, onlar 30 manat yazırdılar. Fəhlələrin geyinib-soyunması və malların qoyulması üçün kirayə evlər tutmuşdum, amma nəzər almadılar. Yekunda isə özlərinin hesabladığı 450 min manatı da ödəmədilər.

Hacı Ramazanın "xeyriyyəçiliyi"

“Bankdan aldığım 70 min manat artıq 85 min manat olmuşdu…”

Hər dəfə müraciət edəndə deyirdilər ki, get 3 gündən, 5 gündən sonra gəl. Sonra da dedilər ki, pul yoxdur. Dedim, axı, mən bankdan götürdüyüm kreditin hesabına bu işləri görmüşəm, heç olmasa, gedək o krediti bağlayaq. Hansı ki, bankdan aldığım 70 min manat artıq 85 min manat olmuşdu…

Uzun get-gəldən sonra dedilər ki, gözlə, sənə yenə iş verərik, həmin pulu ordan çıxararsan. Düz, 2 il məni aldatdılar. Nəhayət, məcbur olub Rəfail Mehralıyevə müraciət etdim ki, mənim pulumu verin. Bu zaman Ramazan dedi ki, sənin Rəfaillə işin olmsın, o, mənim dostum, şərikimdir, bütün pulları da, sənə yeni işi də mən verəcəm. Sonra gedib Rəfaillə görüşdü və çıxanda dedi ki, saat 3-də mənim ofisimə, “Məmmədoğlular” şirkətinə gələrsən, sənə hələlik 15 min verərik, apar fəhlələrin pulunu ver.

“Dedi ki, əgər yazmasa, 1 qəpik də vermə”

Deyilən vaxtda həmin şirkətə getdim, Ramazan zəng vurdum, dedi ki, köməkçi qıza yaxınlaş, sənə 15 min verəcək. Mən həmin qıza müraciət edəndə, bildirdi ki, 15 min verəcəm, amma başqa heç bir borc olmadığı haqda qəbz yazmalısan. Kağızı mənə uzadanda, hirslənib yazdığını cırdım. Bundan sonra Ramazana zəng vurdu. O da dedi ki, əgər yazmasa, 1 qəpik də vermə. Sonra içəri idmançı cüssəli gənclər yaxınlaşdı ki, sənə məsləhət görürük yazasan.

Mən həmin vaxt çox çətin vəziyyətdə idim, işçilər pul gözləyirdilər. Həm də düşündüm ki, Hacı adamdır, yəqin aldatmaz. Nəhayət, məcbur qalıb “Mən Əkbərov Arif Niftulla oğlu, 31 may 2016-cı il tarixdə Əhmədova Gülnardan 15 min manat aldım. Bununla bağlı yazıb bildirirəm ki, departamentin mənə heç bir borcu yoxdur, indi və gələcəkdə heç bir etirazım olmayacaq” – deyə yazılan kağıza imza atdım. Amma burda hansı departamentdən söhbət getdiyi qeyd olunmurdu.

“Dedi ki, get kimə istəyirsən şikayət elə...”

Bir müddət sonra mən Ramazana zəng vurdum ki, 15 min manatı çıxın, qalan pulumu qaytarın. Dedi ki, bilirsən nə var, mən öz işimi gördüm, get nə istəyirsən elə. Dedim, sən Hacı adamsan, bu nə söhbətdir?! Dedi, nə hacı, istəyirsən səninlə molla dilində danışım, istəyirsən “oğru” dilində, istəyirsən də dövlət dilində, get kimə istəyirsən şikayət elə, mənə kimsə heç nə edə bilməz”.

Bundan sonra, məcbur qalıb  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə, “Bandotdel”ə müraciət etdim. Heç bir nəticə olmadı, dedilər ki, mülki məslədir. Məhkəməyə isə müraciət etmədim, çünki müqaviləm yox idi, bütün sənədlər "VEST-LTD” şirkətinin adına idi.

Bütün bunlardan sonra “Parabank” ödəyə bilmədiyim kreditin qarşılığında 250 min manatlıq bağı mənə 105 minə satdırdı. Qalan borcları vermək üçün isə evimi, 2 maşınımı və ailə üzvlərimə məxsus 40 min manatlıq qızılı satdım, hələ də borclarımı qurtara bilmirəm”.

Hazırladı: KƏNAN,

Hurriyyet.az

P.S. Oxucularımıza söz verdiyimiz kimi, Hacı Ramazanın necə “tenderlər kralı” olması və onun hansı məmurlarla əlbir olaraq dövlətin milyonlarla, bəlkə də yüz milyonlarla manat vəsaitini talan etməsinə növbəti saylarımızda sənədlərlə aydınlıq gətirəcəyik. Bizi izləyin.