“SÜLHMƏRAMLILAR”DAN NÖVBƏTİ TƏXRİBAT - Siyahıda göstərilməyən Rusiya vertolyotu Xocalı hava limanında... / VİDEO

Baxış sayı:
518

Azərbaycanın Qarabağ bölgəsində mandatsız və müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları növbəti dəfə təxribatçı hərəkətə yol veriblər. Onların budəfəki təxribatı məsuliyyət bölgəsindəki şərti zərərçəkmişləri evakuasiya etmək üçün təlim olub.

"Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları dağda xəsarət almış şərti zərərçəkənin "Mi-8 AMTŞ Terminator" vertolyotu ilə təxliyəsi üzrə təlim keçiblər”, - deyə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Qafqaz.media xəbər verir ki, Xankəndi hərbi aerodromunda keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri iştirak ediblər.

"Bu gün hər cür vertolyotlara quraşdırmaq üçün hazırlanmış iki yerli tibbi modulu olan Mi-8AMTŞ vertolyotu ilə yaralıların uzaq bölgədən təxliyəsi üzrə normativlər keçirildi,"- aviasiya komendantlığının tibb xidmətinin rəhbəri Timur Tsoqoyev deyib.

Keçən həftə müntəzəm döyüş təlimi çərçivəsində Dağlıq Qarabağdakı rus sülhməramlıları mümkün pozuntuların qarşısını almaq və 27 müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərtərəfli təlim keçib.

Bu təlimlərə müdafiəni gücləndirmək üçün BTR-82A zirehli personal daşıyıcıları cəlb edilmişdi.

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin sülh bəyanatı imzalaması ilə başa çatıb. Həmin sənədə əsasən, Rusiya sülhməramlıları atəşkəsin qorunmasına nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı razılaşmada 1960 nəfər hərbçi, 90 ədəd zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika qeyd olunub. Bəyanatında yer alan avadanlıq siyahısında hərbi nəqliyyat və hücum vertolyotları göstərilməyib.