Siyavuş Novruzov: "Fazil Mustafa getsin papağını atsın"

"Biz hesabata səs verək, Fazil Mustafa da getsin papağını atsın"

Azərbaycan hökuməti bu gün Milli Məclisdə 2014-cü ilin hesabatını verdi. Baş nazir Artur Rasizadə hesabat məruzəsində qeyd etdi ki, ötən il ümumdaxili məhsul 2,8% artıb. Valyuta ehtiyatlarımız 51,3 milyard manata çatıb. Əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin yüksəldiyilməsi üçün görülən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 5% olub.

Baş nazir Artur Rasizadə bildirib ki, orta aylıq əmək haqqı 4,5%, əhalinin gəlirlərində isə 4,8% artım qeydə alınıb. Banklardakı əmənatlər həcmi 12,4% artıb. Ötən il isə inflasiya 1,4 faiz olub.

Artur Rasizadə Dağlıq Qarabağ münaqişəsinin ötən il həll edilməməsini Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyi, status-kvonu saxlamaq cəhdlərilə izah etdi. Düşmənin təxribatlarının qarşısının alınması üçün orduya ayrılan vəsaitin artırıldığını diqqətə çatdırdı. Baş nazir əlavə etdi ki, dünyada baş verən proseslərin, xüsusilə iqtisadiyyatımıza mənfi təsirlərinin qarşısını almaq üçün dövlət başçısı tərəfindən ciddi tapşırıqlar verilib. Hökumət bu işə səfərbər olub.

Dövlətin manatla bağlı siyasətindən sonra ilk dəfə olaraq Mərkəzi Bank sədri Elman Rüstəmov bu barədə açıqlama verdi. Baş bankir manatın ucuzlaşmasını neftin qiymətinin aşağı düşməsi əlaqələndirdi. Vurğuladı ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Dövlət Neft Fondunun gəlirləri düzgün idarə olunur:

“Ailənin, müəssisənin və dövlətin gəlirləri azalırsa, buna reaksiya vermək lazımdır. Dolların məzənnəsinə gəlincə isə bu 1.05 manata yaxındır”.

Daha sonra millət vəkilləri hesabata münasibət açıqladılar. Deputatlardan hökumətin hesabatını tənqid edənlər də tapıldı, nazirlərin ötən il gördüyü işləri məqbul hesab edənlər də. Millət vəkillərinin bəzisi hökumətə təkliflər də verdilər.

Millət vəkili Zahid Oruc: "Hazırda 6100 adda məhsul idxal edirik. Və bu fonda bilirik ki, bunun hansı məhsulların qiymətlərinə nə qədər təsiri ola bilər. Ona görə də, gömrük rüsumları, vergi dərəcələri, bank faizləri yönundə lazımi addımlar atılmalıdır. Məhz təbii iqtisadi metodlar ilə bu qiymətləri qoruyub saxlayaq.

Millət vəkili İqbal Ağazadə təklif edib ki, iqtisadiyyatın fərqli doktirinasını hazırlasın vəhökümət ilk növbədə isə idarəetmədə ciddi israfçılığın qarşsı alınması istiqamətində lazımi addımlar atsın.

Millət vəkili Fazil Mustafa əhalinin aztəminatlı hissəsinin Novruz bayramını layiqincə keçirə bilməməsinə diqqət çəkdi. Bu arada məclis üzləri və spiker arasında Novruzun əsas adətlərindən papaq atma məsələsi diskussiya mövzusu oldu.

“Əhali papaq ata bilmir. Papağın içinə nəysə qoyacaq əksər adamların hasarı hündürdü. Bu papaqlar daha çox o qapılara atılır ki, hasarı hündür olmur. Bu təbəqənin insanları isə kimlərdir? Təbii ki, bunlar müəllimlərdir, həkimlərdir, işsizlərdir. İndi məhz bu hesabatda da bu məsələ müzakirə olunmalıdır ki, bu papağın içini qeyd etdiyim təbəqədən olan insanlar nə ilə dolduracaqlar?”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə Fazil Mustafaya bildirdi ki, söylədikləriniz milli mentalitətə toxunan məsələ kimidir: "Vaxtilə papağı bacadan atardılar, sən narahat olma, hara papaq atsan inanmıram boş qaytaralar”.

Millət vəkili Siyavuş Novruzov da müsasibət bildirdi:

“Belə bir gündə hesab edirəm ki, tənqidə də o qədər ehtiyac qalmır. Gəlin hesabata səs verək. Fazil Mustafa da getsin papağını atsın”.

Elə bu tonda da Nazirlər Kabinetinin 2014-cü il hesabata səsə qoyularaq qəbul edildi.