ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – Dələduzluqda ittiham olunan qadın 67 min manatını ələ keçirdi / Foto

Baxış sayı:
370

Tovuz rayonu, Dondar Quşçu kənd sakini, şəhid atası Qurbanov Ömər Səfər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Hörmətli Mehirban xanım!
Hörmətli Kamran Əliyev!
Hörmətli Vilayət Eyvazov!
Bir şəhid atası kimi Sizə müraciət etməyimin səbəbi odur ki, hazırda Bakı şəhərində yaşayan Muradova Mina Murad qızı və onun əlbir olduğu cinayətkar dəstə tərəfindən bizim ailəmizin başına olmazın müsibətlər gətirilmişdir.
Belə ki, 2023 cü ilin may-iyun aylarında yaxın tanışımızın vasitəsi ilə Muradova Mina Murad qızı bizim ailənin içinə yol tapmışdır. Özünü yüksək dövlət orqanlarında sözükeçən, ciddi əlaqəqələri olan birisi kimi tanıtmış və respublikada onun həll edə bilməyəcəyi iş olmadığını bildirmişdir.

O, “MİDA” deylən qurumun tikdiyi sosial binalardan güzəştli qiymətlə bizə ev alacağına vəd verərək, əvvəlcə 50 000 (əlli min) manat (26 min + 24 min olmaqla) pul almışdır. Daha sonra isə yoldaşıma pensya düzəltmək, ev işinin həllini surətləndirmək adı ilə əlavə olaraq 17 000 manat (6min + 5,5 min + 5,5 min olmaqla) nəgd pul almışdır. Beləliklə, ümumilikdə 67 000 manatımızı ələ keçirmişdir.
Qeyd edim ki, 2023-cü ilin iyul ayında yeganə oğlum, əsgər Qurbanov Səid Ömər oğlu DSX-nın Göytəpə sərhəd dəstəsində qaçaqmalçılıq və narkotiklərlə mübarizə zamanı şəhid oldu. Başımız bərk qarışdı. Ağır stress və əsəb gərginliyi yaşadıq. Elə indi də bu vəziyyətdəyik. Yeganə oğul övladımı Vətən yolunda itirdim.
Dəfələrlə bu “iş adamı” Muradova Mina Murad qızına zəng etmişik. Bizdən aldığı pulları qaytarmasını tələb etmişik. Lakin hər dəfə bir yalan danışaraq, bizi aldadıb. Gah 3 günə qaytaracağını, gah da xaricdən böyük məbləğdə pul alacağını bildirərək və s. hər dəfə bir yalan danışır. Hətta bizimlə yanaşı, digər şəxslərdən də bu məqsədlə böyük məbləğdə pullar alaraq, dövlət məmuruna verdiyi haqda və s. sözlər söyləyir. İki ildir bizi yalanlarla yola verir.

Mən bu pulları banklardan kredit olaraq götürmüşdüm. Sonradan ona verdiyim 17 000 (on yeddi) min manatın əsas hissəsi şəhid oğlumun “qan pulu” idi. Hazırda bank kreditinə görə faizlər üst-üstə gəlməkdədir. Faizlə birgə 80 000 (səksən min ) manatdan çox borcum var. İntihar etmək dərəcəsinə çatmışam.
Dələduz Muradova Minaya verdiyim pullar şahidlərin iştrakı ilə və E-manat vasitəsi ilə olub. Onun şəxsiyyət vəsiqəsinin surəti və “WhatsApp” səs yazışmaları da buna əyani sübutdur.
Hörmətli Mehirban xanım!
Hörmətli Kamran Əliyev!
Hörmətli Vilayət Eyvazov!
Yuxarda göstərilən faktlarla əlaqədar, təcili olaraq bu dələduz Muradovanın cinayət məsuliyyətinə cəlb ediləsini, mənə dəymiş ziyanın (yaranmış bank faizi daxil olmaqla) ödənilməsini təmin etməyinizi sizdən xahiş edirəm.
Yaxın vaxtlarda mənim başıma açılmış bu dələduzluq hadisəsi haqqında ciddi ölçü götürülməsə, bütün növ media və sosial şəbəkə üzərindən bu vəziyyəti ictimailəşdirməyə məcburam. Son hədd olaraq Prezident Aparatı qarşısında özümə qəsd edəcəyəm.
Sizə dərin inam və ümidlə, bir gözüyaşlı şəhid ailəsi olaraq xahiş edirəm, bu məsələni qəti və tez bir vaxtda həll edəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.