Sabunçuda aylar öncə qazılan küçə hələ də asfaltlanmayıb – SAKİNLƏRİN ŞİKAYƏTLƏRİNƏ BAXAN YOXDUR / FOTOLAR

Baxış sayı:
229

Şəkildə gördüyünüz bu küçə Sabunçu rayonunda yerləşir. Hüseyn Ərəblinski küçəsi ilə Məmədhəsən Hacınski küçəsinin kəsişməsində yerləşən bu yolda aylar öncədən kanalizasiya boruları təmir olunub. Lakin sakinlərin çoxsaylı şikayətlərinə rəğmən, bu küçə hələ də təmirsiz vəziyyətdədir.

Redaksiyamıza şikayət edən sakinlər deyir ki, kanalizasiya borularının təmiri zamanı aparılan qazıntıdan sonra Ərəblinski küçəsi ilə hərəkət etmək mümkün deyil. Çünki hər dəfə bu küçədən keçəndə avtomobillərinin altı yerə dəyir. Bu səbəbdən, bəzi hallarda avtomobillərini təmir etdirmək üçün külli miqdarda vəsait xərcləməli olublar.

Küçədə qazıntı işləri aparıldığından həmin yolla piyada hərəkət etmək də müşkülə çevrilib. Çünki azacıq külək olanda toz-dumandan ətrafı görmək olmur. Heç də təsadüfi deyil ki, yolun ətrafındakı həyət evlərinin darvazalarını toz basdığından, onların rəngini seçmək mümkün deyildi. Üstəlik, sakinlər ətrafı basan toz səbəbindən isti yay günlərində həyətlərində otura bilmirlər.

“Hürriyyət”ə müraciət edən şikayətçilər ümid edirlər ki, aidiyyəti qurumlar tezliklə onların səsini eşidərək, problemlərinin həllinə göstəriş verəcəklər.

Biz də “Hürriyyət” olaraq mövzunu diqqətdə saxlayacağıq.

Hurriyyet.org

P.S. Sonda onu da qeyd edək ki, ümumiyyətlə, son vaxtlar Sabunçu rayonunda aparılan qazıntı işləri əhalinin ciddi narahatçılığına səbəb olub. Doğrudur, görülən işlər sakinlər tərəfindən təqdir olunur. Lakin bu işlərdən sonra ərazinin günlərlə və aylarla bərbad vəziyyətdə qalması, vaxtında asfaltlanmaması insanlara ciddi problem yaradır. Üstəlik, bu vəziyyət yollarda tıxacların yaranmasına da səbəb olur. Hansı ki, “Razin stansiyası” kimi tanınan ərazidə aparılan qazıntı da dediklərimizin bariz nümunəsi hesab oluna bilər…