​SAAKAŞVİLİYƏ KİMLƏR VƏ NECƏ İŞGƏNCƏ VERİB... - Gürcüstan Ombudsmanından eks-prezidentin hüquqlarının pozulması haqda hesabat

Baxış sayı:
850

Gürcüstanın ictimai müdafiəçisi (Ombudsman, Xalq Müdafiəçisi – red.) Nino Lomjaria 2021-ci il üçün insan hüquqlarının müdafiəsi ilə bağlı hesabat dərc edib. Qafqaz.media xəbər verir ki, sənəddə həmçinin ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi ilə bağlı problemlərdən də bəhs edilir.
Xüsisilə qeyd olunur ki, eks-prezidentin tibb müəssisəsinə köçürülməsi prosesi yubadılaraq, onun şərəf və ləyaqətini alçaldan videogörüntülər yayılaraq, məhkəmə proseslərində iştirak hüququ məhdudlaşdırılaraq, hüquqları pozulub.
Hesabat martın 31-də Gürcüstan parlamentinə təqdim edilib. İctimaiyyətə aprelin 4-də təqdim olunub.

Ombudsmanın hesabatında deyilir ki, onun ofisi Saakaşvilinin səhhəti ilə yaxından maraqlanmaqda maneələrlə üzləşib. Xüsusilə, Qoridəki hərbi hospitala yerləşdirilən zaman Ombudsman aparatının əməkdaşları iki dəfə təxminən bir saat yarım gözləyib. Bir halda isə Xalq Müdafiəçisinin nümayəndəsi və həkim eksperti ümumiyyətlə xəstəxanaya buraxılmayıb.
Bundan əlavə, hesabatda deyilir ki, Ombudsman aparatının ayrdığı həkimlər şurasının rəyi dərc edildikdən sonra, hakim partiyanın sədri İrakli Kobaxidze həkimlərin və Xalq Müdafiəçisinin mümkün məsuliyyəti ilə bağlı hədələyici bəyanatla çıxış edib.
 
Saakaşvilinin aclıq aksiyası
 
Hesabatda vurğulanır ki, Saakaşvili həbsxanaya köçürülən kimi aclıq aksiyasına başlayıb. Bu, qanunla nəzərdə tutulmuş etiraz formasıdır. Buna cavab olaraq bəzi siyasətçilər, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun aclıq aksiyasını dəfələrlə şübhə altına alıb. Bu barədə ictimaiyyət qarşısında da çıxış edərək, haqsız mövqelərini gücləndirmək üçün mümükün addımlar atıblar.
Ombudsman aparatı bu cür hərəkətləri və ifadələri məhbusun sağlamlığı üçün əlavə risk kimi qiymətləndirib.
“Xalq Müdafiəsi İdarəsinin çoxillik təcrübəsi göstərir ki, məhbusların etirazına şübhə ilə yanaşılması, əhəmiyyət verilməməsi onları etiraz formasını daha da kəskinləşdirməyə və ya tibbi yardımı dayandırmağa sövq edir ki, bu da onların səhhətini pisləşdirir”, - sənəddə deyilir.
Bundan əlavə, Xalq Müdafiəçisi iddia edir ki, Ədliyyə Nazirliyi onun hesabatına qulaq asmayıb və aclıq edən Saakaşvilini zorla 18 saylı müəssisəyə aparıblar. Hesabata görə, bu, çoxsahəli həkimlər qrupunun tövsiyələrinə tam uyğun gəlməyib. Üstəlik, həmin vaxt Saakaşvili üçün təhlükəsizlik riskləri də var idi.

“18 saylı təcridxanaya köçürüldükdən sonra Mixail Saakaşvili bir neçə gün ərzində öyrədilmiş məhbusların təhqir və hədələyici qışqırıqlarını eşitməli oldu ki, bu da açıq-aşkar psixoloji təzyiq idi. Bununla da dövlət insan ləyaqətinə hörmət etmək öhdəliyini pozmuşdur”, - deyə məlumatda bildirilir.
Hesabatda qeyd olunur ki, aclıq aksiyası bitdikdən sonra Saakaşvilinin səhhətində (nevroloji vəziyyət baxımından) ciddi irəliləyiş olmayıb. Saakaşvili psixoloji və fiziki reabilitasiya tələb edən posttravmatik stress pozğunluğundan və depressiyadan əziyyət çəkir. Buna rəğmən, onun müalicəsi məsələsi hazırda da həll olunmamış problem olaraq qalır.

Alçaldıcı kadrların yayılması

Xalq Müdafiəçisinin hesabatında Saakaşvilinin zorla 18 saylı müəssisəyə yerləşdirildiyi də xüsusi vurğulanır. Sosial şəbəkədə bu prosesin videosunu Xüsusi Penitensiar Xidmət yayıb. Xalq müdafiəçisinin sözlərinə görə, bu, onun şərəf və ləyaqətini alçaldıb.
“Videolarda işlə bağlı epizod tam və davamlı şəkildə göstərilməyib və bir neçə epizodda məhbus yarıçılpaq, ləyaqəti alçaldılan vəziyyətdə lentə alınıb. Ədliyyə nazirinin sözlərinə görə, videonun yayılması vəkilin Saakaşviliyə qarşı pis rəftarla bağlı iddialarını təkzib etmək məqsədi daşıyıb”, - sənəddə deyilir.
Ombudsman hesab edir ki, vəkilin iddiasını təkzib etmək üçün Saakaşvilinin şərəf və ləyaqətini ləkələməyəcək başqa vasitələrdən istifadə oluna bilərdi.

Hazırladı: Qafqaz.media
P.S. Qeyd edək ki, Ombudsmanın hesabatında Saakaşvilinin hüquqlarının pozulması ilə bağlı oxucularımıza hissə ixtisarla təqdim olunub.