Saakaşvili Gürcüstanda hakimiyyəti tamamilə ələ almağa hazırlaşır

Baxış sayı:
13747

Gürcüstan prezident seçkilərinin ikinci turuna hazırlaşır, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları isə artıq ölkədə növbədənkənar parlament seçkilərini planlaşdırırlar. Bu barədə virtualaz.org-un əməkdaşına Saakaşvilinin ən yaxın silahdaşlarından biri, Gürcüstan baş prokurorunun, sonradan isə Ukrayna baş prokurorunun keçmiş müavini David Sakvarelidze danışıb.

Gürcüstanlı siyasətçi əmindir ki, Saakaşvinin bütün islahatlarını dayandırmış hazırkı hakimiyyət ölkəni xeyli geriyə atıb və xalq artıq əmin olub ki, Gürcüstan hazırda hansı vəziyyətə düşüb.

“Gürcüstanda islahatların davam etdirilməsinə sosial sifariş var və əslində, prezident seçkiləri hazırkı hakimiyyətə etimadsızlıq üzrə referenduma çevrildi. Təbii ki, biz hakimiyyət sıralarının tamamilə təmizlənməsini istəyirik və buna görə də, növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlığa başlamışıq”, - o bildirib.


David Sakvarelidze

Hazırda Ukraynada ədliyyə sistemində çalışan Sakvarelidze iddia edir ki, indi bu ölkənin vətəndaşı olsa da, həmişə Gürcüstanın vətənpərvəri olub və olaraq qalır.

“Çox sevdiyim və məni qəbul etmiş, məsul vəzifə vermiş Ukrayna xalqına sədaqətlə xidmət etməyə vəd verməklə bu dövlətə qulluğumu sonuna kimi çatdırmağı özümə borc bilirəm. Gürcüstanda hər hansı rəsmi vəzifə tutmağa hazırlaşmıram”, - o qeyd edib.

O ki qaldı siyasi kumiri Saakaşviliyə, Sakvarelidze şübhə etmir ki, Milli Hərəkatın lideri istədiyi vaxt Gürcüstana qayıda bilər və “heç kim ona Vətənini ziyarət etməyi qadağan edə bilməz”.