Rusiya saxlanılan Ukrayna konsulunu ölkədən çıxarır - YENİLƏNİB

Baxış sayı:
2048

Rusiya Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Yerli KİV-lər xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.

Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, bu gün müvəqqəti işlər vəkili Pokotilo konsulun saxlanılması ilə bağlı Rusiya XİN-ə çağrılıb.

"Rusiya tərəfi konsulluq əməkdaşının statusuna uyğun gəlməyən və ölkəmizin təhlükəsizlik maraqlarına zərər verən bu cür fəaliyyətin qəbuledilməzliyini diqqətə çatdırıb. Onun Rusiya ərazisində qalmasının arzuolunmaz olduğu açıqlanıb və 19 apreldən başlayaraq 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirilib”, - Rusiya XİN bəyan edib.

Qeyd edək ki, ölkənin Federal Təhlükəsizlik Xidməti bu gün Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanıldığı barədə məlumat yayıb. Diplomat bir neçə saatdan sonra sərbəst buraxılıb./Virtualaz.org

**11:41

Ukraynanın Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Aleksandr Sosonyuk saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Qeyd olunub ki, ukraynalı diplomat Rusiya vətəndaşından məxfi məlumat alarkən ələ keçirilib. Diplomatla bağlı beynəlxalq hüquq normalarına uyğun tədbirlərin görüləcəyi vurğulanıb.