RUSİYA MEDİASI MƏXFİ SİRLƏRİMİZİ ƏLƏ KEÇİRMƏYƏ CƏHD EDİR

“Sputnik” İnformasiya Agentliyinin iki əməkdaşı Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında çəkiliş apararkən saxlanılıblar və...

ABŞ nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin başçısı Ed Roys ölkəsinin Rusiya tərəfdən məruz qaldığı təhlükənin qarşısını almaq üçün Birləşmiş Ştatlarda kiberkomandanlıq yaratmağı təklif edib. O, İsrailin 8200 adlanan radioelektrotexnika kəşfiyyatı xidmətini nümunə göstərərək, ABŞ-da Rusiya təhlükəsinə qarşı məktəblilərdən ibarət kiberdöyüşçülər yaratmaq təklifi ilə çıxış edib.
Amerika saytlarında verilən məlumatda deyilir ki, Ed Roys konkret olaraq “Sputnik” və RT-nin təsirindən çox narahat olduğunu bildirib. Onun sözlərinə görə, bu KİV öz uğurlarına görə Rusiya xüsusi xidmət orqanlarının dəstəyinə borcludur. Konqressmen bu şəbəkəni sovet dövrünün abbreviaturası olan “KQB” adı ilə adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da Rusiyanın dövlət rəhbəri Vladimir Putinin üzünə qarşı “RT televiziyası və “Sputnik” agentliyi özlərini təsir, təbliğat və yalan təbliğat orqanları kimi aparırlar” – deyərək, öz etirazını bildirmişdi. Bu isə, dolayısı ilə sözügedən KİV-lərin öz missiyyalarını aşdıqları, yəni kəşfiyyat-informasiya fəaliyyəti ilə məşğul olduqlarını ictimailəşdirmək idi.
Təsadüfi deyildi ki, bundan az öncə "Sputnik" agentliyi ABŞ Konqresindəki akkreditasiyadan da məhrum edilmişdi. Bu zaman Konqresin rəsmi nümayəndəsi Castin Uilson “Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz” – açıqlaması ilə üstüörtülü şəkildə bəyan etmişdi ki, sözügedən media orqanı fəaliyyət sferasından kənara çıxır, yəni təmsil etdiyi dövlətin xeyrinə kəşfiyyat məlumatları toplamaqla məşğul olur.
Dəyərli oxuculara bəlli olduğu kimi, biz də “Hürriyyət” olaraq dəfələrlə bu mövzuya geniş ayırmış və Azərbaycanda fəaliyyət göstərən “Sputnik” İnformasiya Agentliyinin kəşfiyyat-pozuculuq əməllərindən bəhs etmişik. Hətta tanınmış jurnalist Mürtəza Bünyadlı qəzetimizə müsahibəsində Sputnik.az saytının Rusiyadakı erməni lobbisinə xidmət etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu saytın baş redaktoru Əziz Əliyevin anası ermənidir və bir müddət Moskvada çalışan jurnalisti Bakıya Rusiyadakı erməni lobbisi göndərib. ““Sputnik.az” birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir və həmin şəbəkənin üzərində də dayanan Marqarita  Simonyandır. Bu Simonyan haqqında da yetərincə məlumat var, kim istəsə onunla maraqlana bilər”, – deyə M.Bünyadlı məlumat vermişdi.
Qeyd edək ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnfromasiya Agentliyini “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini isə ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır.
Erməni jurnalistin Azərbaycana qarşı fəaliyyəti haqda dəfələrlə qeyd etdiyimizdən, artıq bu haqda yazmağa ehtiyac görmürük. Lakin “Sputnik Azərbaycan”ın ölkəmizdəki fəaliyyəti haqda əldə etdiyimiz bəzi informasiyalar bizi bir daha bu mövzuya qayıtmağa vadar etdi.
Belə ki, etibarlı mənbədən “Hürriyyət”in redaksiyasına daxil olan məlumata əsasən, 2016-cı ilin sentyabrında Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında - məcburi köçkünlərin məskunlaşdığı ərazidə 2 nəfər naməlum şəxs çəkiliş aparmaq niyyətində olub. Nəzərə alsaq ki, dəmiryol xətti strateji əhəmiyyət daşıyır, üstəlik, həmin ərazi cəbhə bölgəsinə yaxın olduğundan və bu xətt üzrə hərbi təyinatlı yüklər daşındığından, çəkiliş aparan şəxslər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunublar. Bu zaman məlum olub ki, hər iki şəxs Sputnik.az saytının regional əməkdaşlarıdır. İmişli sakinləri olan bu şəxslər ərazidə çəkiliş aparmaları üçün ezamiyyə vərəqələri olmadığından, fəaliyyətlərinin qanunsuz olduğunu etiraf ediblər. Onu da deyiblər ki, strateji əhəmiyyətli ərazidə çəkiliş aparılması haqda göstərişi onlara “Sputnik Azərbaycan” İA-nın rəhbərliyi verib. 
Xatırladaq ki, ötən yazımızda da Rusiya mediasının ölkəmizdəki qaununsuz fəaliyyəti haqda bir faktı oxucuların diqqətinə çatdırmşdıq. Qeyd etmişdik ki, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı Moskvadan “Life news” telekanalının müxbirləri müvafiq akkreditasiyadan keçmədən cəbhə bölgəsinə yollanıblar. Onlar Rusiyada tanınmış media maqnatı Aram Qabrelyanın da üzvü olduğu erməni lobbisinin tapşırığı əsasında Azərbaycanda qərəzli reportaj hazırlamaq niyyətində olublar. Lakin yerli mətbuat nümayəndələrinin çevikliyi nəticəsində onların bu çirkin niyyəti baş tutmayıb. Nəticədə heç bir reportaj hazırlamağa imkan verilmədən, respublika hüdudlarından kənarlaşdırılıblar.
Hurriyyet.org
P.S. Bir halda ki, ABŞ nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin başçısı Ed Roys ölkəsinin Rusiya tərəfdən məruz qaldığı təhlükənin qarşısını almaq üçün Birləşmiş Ştatlarda kiberkomandanlıq yaratmağı təklif edib, yəqin ki, bu haqda Azərbaycan rəsmiləri də ciddi düşünməlidir. Əks halda, Rusiyanın ölkəmizdə media şəbəkəsi adı altında fəaliyyət göstərən kəşfiyyat xidmətinin önəmli strateji obyektlərimizin siyahısını ermənilərə ötürməyəcəyinə kimsə zəmanət verə bilməz...