RUSİYA BİZİMLƏ ULTİMATUM DİLİ İLƏ DANIŞIRSA... - Biz niyə “5-ci kolon"un nazı ilə oynamalıyıq?

Baxış sayı:
859

Qaçqınların sayı on milyona çatıb. Şəhərlər, qəsəbələr xarabazarlığa dönüb, həlak olan, yaralanan körpələrin dəqiq sayı məlum deyil... Bütöv bir xalq göz qabağında həyasız terrora məruz qalıb. Elə bir dövlət qalmayıb ki, fəlakətlərtin baiskarına lənət oxumasın.
İkinci dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə dövlətlərin belə həmrəyliyi yox idi. Velikorus şovinizmini bütün humanist dəyərlərdən üstün tutan Moskva irticası bu dəfə də özünü biabır etdi. Mədəni dünya bir daha əmin oldu ki, qatı rus şovinizmi ilə alman nasistlərinin təlimi arasında bir o qədər də böyük fərq yoxdur.
XX əsrdə Rusiya hakim dairələrinin törətdikləri bəzi cinayətləri nəzərdən keçirək. İşğal olunmuş Türküstanda bütün axarlı-baxarlı yerlər, gözəl örüş yerləri, xülasə bol məhsul verən bütün torpaqlar imperiyanın başqa mahallarından köçürülmüş rus kəndlilərinə verilmişdi. Rus məmurları özlərini hər yerdə əsl firon kimi aparırdılar. Beyinləri uşaqlıqdan pravoslav keşişlərinin  ciddi cəhdi ilə zəhərlənmiş gəlmə ruslar yerli müsəlmanları adam yerinə də qoymurdular, bədbəxt türk övladının həm torpağı əlindən alınmışdı, həm də mütəmadiyən təhqir olunurdu. Birinci dünya müharibəsi başlayanda rus məmurlar yerli camaatdan mal-qaranı da qəpik-quruşa almağa başladılar. Bu əsl qarət idi! Bir azdan 480 min müsəlmanın ən ağır fiziki işlərə cəlb edilməsi üçün də fərman verildi. Bu nəhəng əməkçi ordusu rus əsgərlərinin hər söyüş və təhqirləri altında səngərlər qazmalı, müdafiə xətləri qurmalı idilər. Zülmə daha dözə bilməyən əhali üsyana qalxdı.
1916-cı ilin 4 iyulunda Xogəntdə başlayan üsyan tezliklə bütün Türküstanı bürüdü. Hökumət bacara bilmədiyini görüb ölkəyə böyük ordu hissələri yeritdi. Bir azdan bunun da kifayət olmadığını görərək bütün rus əhalini də təpədən dırnağa qədər silahlandırıb müsəlman məskənlərinin, dinc əhalinin üstünə qısqırtdılar. Ürəkləri soyumayan rus cəlladlar həbsxanalarda saxlanılan, yüzlərlə qırğızı qılıncdan keçirib, bazarda ticarətlə məşğul olan 700 müsəlmanı da qətlə yetirdilər. Hərbi üstünlüyündən sui-istifadə edən general Kuropatkin türk əhalisinə divan tutulmasını əmr etdi. Amansız qətlam başladı, yerli müsəlmanların özlərini qorumağa demək olar əməlli silahı da yox idi. Təkcə Qırğızıstandan yüz mindən çox insan doğma yurdunu tərk etdi. Hələ indiyə kimi rus ordusunun qurbanlarının sayını ört-basdır edirlər. Bəzi mənbələr qonşu ölkələrə keçmiş, ölkə daxilində qətlə yetirilmiş müsəlmanların sayının bir milyondan çox olduğunu göstərirlər.
Sovet hakimiyyəti illərində baş vermiş tükürpədici vaqiələr barədə danışmaq arzu olunmadı. Amma Orta Asiya xalqlarının hər cəhətdən alçaldılıb təhqir olunmasına rəvac verildi. Müxtəlif psevdotarixi kitablarda, filmlərdə özbəyi, qazaxı, taciki, qırğızı, türkməni ələ salan, onların bütün adət-ənənələrini lağa qoyan çox vaxt rusun qələm sahibi yox, məhz elə daxili manqurtlar idi.
...1918-ci ildə Bakı qətlamında öldürülmüş müsəlmanların dəqiq sayını məhz bizim titullu tarixçilər ört-basdır elədilər. Uzun illər ərzində Şamaxı qırğını barədə heç yerdə iki kəlmə söz deyən tapılmadı. Gəncə üsyanı yatırılarkən XI qatil ordu 20 minə qədər insanı qətlə yetirsə də, bizim yaltaqlar hələ indiyə kimi bu rəqəmi dilə gətirmirlər.
Dərd bu deyil, dərd ondadır ki, kommunist rejiminə canla-başla qulluq etmiş, doğma millətinin mənən gədalaşması üçün çalışaraq onu daima rus şovinisti qarşısında başaşağı durmağa sövq edənlərin törəmələri, qohum-əqrəbaları, cığırdaşları bu dəqiqənin özündə ölkədə ixtiyar sahibləridirlər. Kimin Prezident təqaüdü, fəxri ad, mənzil alacağını bunlar müəyyən edirlər. Ortada ancaq bir şərt var, sən atalarımızı, büt saydığımız şəxsləri dahi, əsl millət mücahidi kimi tanımalısan, harada gəldi onları tərifləməlisən! Sözümüzə baxsan, ağ günə çıxacaqsan. Əhməd Cavadın şeirlərini kim oğurlayıb, Müşfiqi, Cavidi kim keçi qiymətinə satıb, kimlər Üzeyir bəydən “danos” yazıb, ancaq cibi və qarnı barədə düşünən bizim adamlara bunları bilmək o qədər də vacib deyil.
Xocalını qana qərq etmiş, hətta körpələrə belə rəhm etməmiş  rus cəlladlarından açıq danışmağa utanırlar. Moskva irticası da bunu yaxşı görür. Moskva onu da görür ki, sadiq nökərləri əmrə tabe olaraq Yanvar qətlamının qurbanlarının dəqiq sayını gizlətməyə nail olublar. Bir fitnəkar, bir qəssabxana keçisi rolunu oynamış yaramaz məsuliyyətə cəlb edilməyib. Otuz ildir  bu barədə yazıram, məhəl qoyan da yoxdur.
Gah deyirik ki, Ermənistan ordusu yoxdur, gah da mütəmadiyən atəşə məruz qalmağımızdan şikayətlənirik. Hamı da yaxşı bilir ki, rusun izni, əmri, köməyi olmasa erməni bu qələtləri eləməz.
Faciəmiz də bundadır ki, hürkə-hürkə, o yan bu yana boylana-boylana deyinməkdən başqa əlimizdən heç nə gəlmir. Öz doğma evimizin içində düşmənə, rus irticasına qarşı passiv etirazımızı bildirmək əzmində də deyilik. Xalqı qınamaq da kişilikdən deyil. On illər boyu hakim üsuli-idarənin istəyi ilə təriflənib dağ başına çıxarılan, camaat aclıq çəkərkən əhli-əyalı ilə yağ-bal içində yaşayan Rəsul Rza türk-islam dünyasının qanlı düşməni Leninə poemalar həsr edib. “Rus xalqına eşq olsun!” deyirdisə, Səməd Vurğun Bakını qana qərq etmiş “Komissarları” tərifləməkdən, Stalin kimi cəhənnəm zəbanəsini ölənə qədər vəsf etməkdən yorulmayacağını yazırdı. Əli Vəliyev, Süleyman Rəhimov, Məmməd Rahim, Əbülhəsən, İmran Qasımov, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Süleyman Rüstəm və digər adlarını sadalamaq istəmədiyim qələm ərbabı rus şovinizminə qarşı durub sözünü deyə bilən gənclik yetişdirə bilmədi. Bunu heç istəmədilər də!
Azərbaycan gənci bu torpağa zaman-zaman girmiş bütün xalqları, qövmləri, türkü, ərəbi, farsı, xülasə, hamını düşmən bilməli, Paskeviçdən üzü bu yana Xocalını qana batırmış rus zabitlərinə qədər bütün rusları xilaskar, mədəniyyət carçısı kimi tanımalıdır. Vəssalam, “doğma, əziz partiya” da bunu tələb edirdi.

Putin bütün kartlarını açdı

Moskvadakı böyük mitinqi əksər telekanallar verdilər. Qatı millətçilik ruhunda bəstələnmiş mahnılar, çıxışlar səslənəndə iki yüz minlik kütlənin hayqırması rus cəmiyyətində hansı əhvali-ruhiyyənin hökm sürdüyünü sübut etdi. Putin isə heç nədən çəkinmədən rəqib saydığı bütün qüvvələrə meydan oxudu. Bəli, Ukraynanın gül kimi yaşayış məskənlərini alt-üst edib, dinc əhaliyə də rəhm etməyən bu unikumdan Azərbaycan yaxşı heç nə gözləyə bilməz. Öz doğma pravoslavına rəhm etməyən azğın, müsəlmana hörmət edəcək?
Erməninin əlilə vətənimzin az qala yarısını tar-mar etmiş Rusiya sırtıqlığa salıb Qarabağa soxulub bizimlə ultimatum dili ilə danışırsa, biz niyə onun  “5-ci kolonnası”nın, ölkə daxilindəki açıq tərəfkeşlərinin nazı ilə oynamalıyıq?
Bizdə qəribə, izaholunmaz arxayınçılıq hissi yaranıb, deməli, bu dəfə əgər biz qəsbkarın dərsini vermişiksə, başqasında bizə sataşmaq həvəsi olmayacaq. Xam xəyaldır!
Putinin son çıxışı sübut etdi ki, biz barıtımızı quru saxlamalı, sərvaxt olamalıyıq.
 
Firuz HAŞIMOV,
Hurriyyet.az