ƏRDOĞANIN UKRAYNA SƏFƏRİ VƏ RUSİYAYA “8 SAZİŞLİ” MESAJ… - Türkiyə prezidenti Kiyevdə vasitəçilik təklifini bir daha təkrarladı

"Daha əvvəl də vurğuladığım kimi, Türkiyə Qara Dənizdən qonşusu olduğu iki dost ölkə arasındakı böhrana son qoymaq üçün üzərinə düşəni etməyə hazırdır”. Qafqaz.media xəbər verir ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Kiyevdə Ukrayna və Rusiya arasındakı böhranla bağlı danışarkən belə deyib.
Xəbər verdiyimiz kimi, Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə Türkiyə və Ukrayna arasında Yüksək Səviyyəli Strateji Şuranın 10-cu Toplantısında iştirak etmək üçün Kiyevə səfər edib. Prezidentlər arasında təxminən 3 saat 10 dəqiqə təkbətək görüş olub. İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdən sonra baş tutan mətbuat konfransında Ərdoğan deyib:
“İki ildən sonra strateji tərəfdaş Ukraynaya yenidən səfər etməkdən çox məmnunam. Səfərimiz həssas bir dövrə təsadüf edir. Bir daha demək istəyirəm ki, biz, Krım da daxil olmaqla, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik. Biz Ukrayna rəhbərliyinin, xüsusən də prezident Zelenskinin ehtiyatlı və dialoqu təşviq edən mesajlarını yüksək qiymətləndiririk. Əvvəllər də vurğuladığım kimi, Türkiyə Qara Dənizdən qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazırdır. Rəhbərlik səviyyəsində danışıqlara məmnuniyyətlə ev sahibliyi edəcəyimizi bir daha vurğuladıq. Çünki biz Türkiyə olaraq atəşi alovlandırmaq əvəzinə, gərginliyi necə azaltmaq məntiqi ilə hərəkət edirik. Biz ürəkdən inanırıq ki, böhran Minsk razılaşmaları çərçivəsində, Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında sülh və diplomatik yolla aradan qaldırılacaq”.
Səkkiz sahədə əməkdaşlıq sazişləri
Qeyd edək ki, Ərdoğanın Ukraynaya səfəri zamanı “Türkiyə Respublikası ilə Ukrayna arasında Qabaqcıl Texnologiyalar, Aviasiya və Kosmosda Əməkdaşlıq Çərçivə Sazişi” də imzalanıb. Sənaye və Texnologiya Nazirliyindən verilən açıqlamada, "İki ölkə arasında ortaq iş sahələri genişləndiriləcək. Müqavilənin qüvvəyə minməsi ilə Türk investisiyaları 2035-ci ilə qədər Korporativ Vergi, Əlavə Dəyər Vergisi və Gömrük Vergisindən azad ediləcək. Bir sıra Gömrük və vergi güzəştləri kimi əhəmiyyətli imkanlar sərmayə edən Türk şirkətlərinə təqdim ediləcək", - deyə ifadə olunub.
“Baykar” Ukraynada istehsal edəcək
Prezident Zelenski görüş zamanı müharibəni bitirmək yolunda Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə Ərdoğana təşəkkür edib. “Bu gün imzaladığımız müqavilə “Baykar” pilotsuz uçan aparatlarının Ukraynada istehsalını genişləndirəcək. Bu səfər kimin Ukraynanın dostu olduğunu, kimin bizim yanımızda olduğunu göstərir. Ukrayna bunu həmişə xatırlayacaq”, - deyə Zelenski bildirib.
Səfər zamanı prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edən Birinci xanım Əminə Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenski ilə təkbətək görüşüb. Əminə Ərdoğan Yelena Zelenski ilə birlikdə Kiyevdə məktəbə baş çəkib və Müqəddəs Sofiya Katedrali üçün türk audio-bələdçi layihəsinin açılışında iştirak edib.
Qafqaz.media