RAMİZ MEHDİYEVİN MEDİA “TƏƏSSÜBÜ” – Və ya gecikmiş canıyananlıq...

Baxış sayı:
2470

Son iki bəyanatı gündəmdə ildırım effekti verən AMEA prezidenti Ramiz Mehdiyev, üçüncü açıqlamasında Azərbaycan mediasının bu günü məsələsinə toxunub. Istisnasız hamını aşağılayıb və bəzi mesajlar verib. Ramiz müəllim deyir ki:
-Qəzet və elektron informasiya vasitələri qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər.
-Mətbuat cəmiyyətin aynasıdır. Bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını, həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzli. Hər iki halda o, cəmiyyət üçün faydasızdır.
-Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?
-Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz. Həqiqi mətbuat nümayəndəsi dövlət və xalq qarşısındakı mənəvi məsuliyyətini dərk etməlidir.
- Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədiyi KİV-lərə necə ümid edə bilərik?
-Bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırır. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir.
...Və ən sonda, Ramiz müəllim deyir ki, mənim dediklərim qətiyyən tənqid, yaxud qərəz kimi qəbul olunmamalıdır. "Bütün bunlar mənim cəmiyyəti narahat edən məsələlərə dair şəxsi mülahizələrimdir. Ümid edirəm ki, hər kəs deyilənlərdən lazım olan nəticəni çıxaracaq, öz payına düşən məsuliyyəti dərk edəcəkdir".
***
AMEA prezidenti, bütöv bir sektoru, mətbuat qərəzli, faydasız adlandırıb. Medianı xalqa xidmət etməməkdə günahlandırıb. Bu həm ona işarə və etirafdır ki, bu gün Azərbaycan mediasında müxtəlif cinahlara xidmətdə bulunan irili-xırdlı media quruluşları mövcuddur. Və o, bu barədə məlumatlı ola-ola susub.
 Yazıda dövlətə xəbərdarlıq edilir ki, mediaya ayrılan pullar media işinin, informasiya təhlükəsizliyinin təminatı üçün düzgün sərf edilməyib. Həm də fərdi maraqlara sərf edilib ki, bu da işin effektivlik dərəcəsini azaldıb.
R.Mehdiyev dövlət mükafatı olaraq media mənsublarına verilən mənzillər məsələsinə toxunub, ona işarə edib ki, mənzillər ədalət prinsipi ilə paylanmayıb. Mənzil alanların bir çoxu dövlətinə, xalqına, xidmət göstərməyiblər. Bu həm də dolayısı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova yönəlik ittihamdır.
Sirr deyil ki, dövlət əhəmiyyətli bir sıra tezislər məhz PA-dan, konkret olara ƏHəsənov və komandasından gəlib, müxtəlif media quruluşlarına. R.Mehdiyev bu media quruluşlarına verilən tezisləri, “çeynənmiş, içi boş fikirlər” adlandırıb. Və zamanında niyə susduğunu, yenə açıqlamır.
Yazıda diqqət ona çəkilir ki, Azərbaycan mediası günbəgün öz auditoriyasını itirir. Sual olunur ki, ictimai nüfuzunu itirən KİV-lərə xalq necə etimad etsin?
Bu həmin məsələdir ki, ölkə mediasının işıqlandırmadığı məslələri, xoş mənzərə olmasa belə, mühacir media və söyüş meiası efirə daşıyır. Təbii ki, öz məqsədi üçün. Maraqlı olan başqa bir məqam, nədənsə bu yükü götürmək, bu məsuliyyətin altına girmək yerli KİV-ə ağır gəlir. R.Mehtiyevin bu qeyd edilən fikirləri ilə  əslində ictimai mesaj verir ki, səni eşitməyən, medianı reytinüə yüksəltmə, doğru yoldasan Azərbaycan ictimaiəti, belə də dava elə. Bu dolayısı ilə R.Mehtiyevlə də əlaüəsi olduğu iddia edilən mühacir KIV-lərin təbliğatı sayıla bilər. Əslində bu həm də ölkəni R.Mehriyevin gerçək və bir üzlü saydığı müxalifətin əli ilə xaosa aparacaq mesajdır.
Ramiz müəllim mətbuatı, istisnasız hər kəsi,  yarasız, faydasız adlandırıb. O, açıq deyib ki, sabiq Prezident köməkçisi ilə fikir ayrılığı olub.
AMEA prezidenti bütöv bir camiyədə hər kəsi intellektsiz, dünya görüşü kasad, səviyyəsiz, şəxsi keyfiyyəti və mənəviyyatı qüsurlu, həyat fəlsəfəsi olmayanlar adlandırıb. Hamıya, əqidəsiz, mənəviyyatsız  deyib. Bir də hesab edir ki, bu camiyədə intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir.
Ramiz müəllim medianı aşağılaya-aşağılaya, həm də ona işarə edir ki, mediaya ayrılan maliyyədən xəbərsiz olmayıb, amma sərfiyyatı ilə də maraqlanmayıb. Yəni o,  Ə.Həsənovu, keçmiş silahdaşını "xərcləyir". Mediada baş verən hər şey onluqdur deməyə çalışır. Və əslində bütün baş verənlərin də kökündə  elə bu dayanır, haqq-hesab, pul-para...
Sən nə günə qaldın PEŞƏM! Gecikmiş canıyananlıq və pul hərisliyindən...
***
...Neçə gündür hamı susur. Əslində niyədir bu susqunluq, orası bəlli. Çoxlu sayda bulaşmış var camiyədə. Danışıb nə deyəcəklər bu əsərin rəssamlarından olan və hamını tanıyan birinə?!.
Və nəhayət bircə sualım var: Görəsən bu mənzərədən utanan, pərt olan, özünü narahat hiss eləyən nə qədər adamı var məmləkətin?

Jalə MÜTƏLLİMOVA
31.08.2020