“Ramiz Mehdiyevin akademik adı ləğv olunmalıdır" - HEYDƏR OĞUZ

Baxış sayı:
322

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun akademik Ramiz Mehdiyev barədə irəli sürdüyü fikirlərdən sonra istər-istəməz ortaya maraqlı suallar çıxır: “Yazdığı kitabların, elmi işlərin müəllifliyi şübhə altına alınan Ramiz Mehdiyevdən akademik titulu ləğ oluna bilərmi və bunun mexanizmi necədir?”

“Hürriyyət” qəzetinin suallarını cavablandıran Ədalət partiyasının sədr müavini Heydər Oğuz bunun nəinki mümkün, hətta vacib olduğunu düşünür.

Onun sözlərinə görə, əslində Ramiz Mehdiyevin professor ünvanı belə qeyri-qanunidir: “AMEA-nın rəsmi açıqlamasına görə, o, elmlər doktoru elmi adına layiq görüldükdən dərhal sonra Prezident Administrasiyasında məsul vəzifəyə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi adlar verilməsi qaydası haqqında” Əsasnaməyə görə isə, hər hansı elmlər doktorluğu işini müdafiə etmiş alim professor adını alması üçün ən azı 5 il elmi-pedaqoji ştata malik olmalıdır. Ramiz Mehdiyev isə özünün və tərəfdarlarının dediyinə görə, doktorluq işinin müdafiəsindən cəmi bir neçə aydan sonra elmi-pedaqoji fəaliyyətdən uzaqlaşıb. Dolayısıyla onun nəinki akademik, hətta professor adı daşıması belə qanuna ziddir. Mən hələ onun yazdığı elmi əsərlərinin özünə, yaxud başqasına aid olması barədə mülahizələri bir kənara qoyuram. Ramiz Mehdiyevin elmi-pedaqoji fəaliyyətlə məşğul olmadan qazandığı titullar Prezidentin ötən il imzaladığı Fərmana daban-dabana ziddir. Ramiz Mehdiyev özgə vaxt prezidentə sədaqətdən danışır. Sədaqət, bağlı olduğun adamın saldığı yolla getmək, onun prinsiplərinə əməl etməklə ölçülür. Prezidentlərin izi qəbul etdikləri Fərmanlar, Sərəncamlardır. Bu necə sədaqət nümayişidir ki, Əsasnamənin tələblərindən kənara çıxırsan? Ramiz Mehdiyevin sədaqətini ortaya qoymasının ən gözəl yolu könüllü şəkildə əvvəl akademiklik adından, daha sonra isə professorluqdan imtia etməsidir.

Akademik ünvanına gəlincə, qanunvericiliyə görə, bu ada yalnız Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş şəxslər layiq görülürlər. Bunlar isə, sözsüz ki, professorlar arasından çıxır. Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin keçirdiyi ümumi yığıncaqda namizədlər səs çoxluğu ilə həqiqi üzvlüyə layiq görüldükləri halda bu elmi titulu daşıya bilirlər. Dolayısıyla professorluğu belə müəmmalı olan Ramiz Mehdiyevin akademik adı daşıması da qeyri-qanunidir. O ya bu addan şəxsən imtina etməli, ya da akademiyanın ümumi iclası çağırılmalı və Ramiz Mehdiyevin alimlik dərəcəsinə baxılmalıdır”.

Heydər Oğuzun fikrincə, AMEA-nın təcrübəsində akademik titulunun geri alınması təcrübəsi mövcuddur: “Xatırlayırsınızsa, 2007-ci ildə sabiq Səhiyyə naziri Əli İnsanov həbs olunandan dərhal sonra, mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının 60 həqiqi üzvdən 52-nin, 95 müxbir üzvdən 71-nin iştirakı ilə qurumun ümumi yığıncağı toplanmış və Əli İnsanovun elmi dərəcəsinə baxılmışdır. Yığıncağın ümumi qərarı ilə o, AMEA-nın həqiqi üzvlüyündən uzaqlaşdırılmışdı. Bu isə Əli İnsanovun akademikliyinə son qoymaq mənasına gəlirdi”.

Partiya sədrinin müavinin fikrincə, eyni təcrübədən yenə istifadə olunmalı, elmi dərəcəsinin legitimliyi şübhə altında olan Ramiz Mehdiyevin də akademik adı ləğv olunmalıdır.