Qəzaya düşən, amma Stalin tərəfindən “əfv edilən” Ustinov – marşal 37 il əvvəl özünə deyilmiş sözü başqasına deyib

Baxış sayı:
660

Adətən müşavirə və iclaslara hamıdan sonda gələn İosif Stalin içəri daxil olanda hamı ayağa qalxıb. Amma 1944-cü ildə Kremldə komissarlala (nazirlərlə) keçirilən növbəti müşavirədə bu “ənənə” pozulub. Stalin iclas zalına keçəndə komissarlar ayaq üstə qalxıblar, bir nəfərdən başqa. Düzdür, həmin şəxs ayağa durmağa cəhd göstərib, amma alınmayıb...

Maraqlıdır, həmin şəxs bu “cürət”i özündə necə tapıb?

Həmin şəxs Stalinin SSRİ silah naziri təyin etdiyi Dmitri Ustinov olub. Ustinov bu vəzifəyə Lavrenti Beriyanın təşəbbüsü ilə 1941-ci ildə, 33 yaşında təyin edilib.

Gənc nazir işgüzar olmağı ilə yanaşı, həm də dəlisovluğu ilə fərqlənib. Belə ki, o, sürət həvəskarı olub. Nəqliyyat vasitəsi kimi çox vaxt motosikletdən istifadə edən Ustinov Moskvanın küçələrində sözün əsl mənasında “at oynadıb”.

Amma heç kim qəzalardan sığorta olunmayıb, o cümlədən nazir Ustinov da...

1944-cü ildə Ustinov şəhərin mərkəzində motosikletlə böyük sürətlə hərəkət edərkən idarəetməni itirib və qəzaya uğrayıb. Qəza nəticəsində bir ayağı sınıb, digəri isə zədə alıb. Qəza haqqında elə həmin gün İosif Stalinə məlumat verilib.

Buna görə də Stalin nazirlərin müşavirəsində Ustinovun ayağa qalxmamasının səbəbini bilib, elə müşavirəyə də bu məsələdən başlayıb:

- Ölkəmiz ağır müharibə aparır. İndi hər bir kadr bu müharibədə özünü qorumalıdır ki, qələbə uğrunda apardığımız mübarizə işi ləngiməsin. Amma bəzi kadrlarımız axmaq hərəkətlərinə görə öz həyatlarını təhlükə altına atırlar, mən bunu heç cür anlaya bilmirəm.

Stalin sonra üzünü Ustinova tutub:

- Dmitri Fyodoroviç, məgər hökumət sizə xidməti avtomobil ayırmayıb? Siz bu iki təkərin üstündə nə vaxta qədər dörd təkərli avtomobilləri qabaqlayacaqsınız. Görürsünüz, istədiyinizə həmişə nail ola bilmirsiniz, bəxtiniz gətirmir və qəzaya uğrayırsınız. Amma eybi yox, yolda bəxtiniz gətirməsə də, rəhbərlik tərəfindən cəzalandırılmaq məsələsində bəxtiniz gətirib. Çünki elə mən də sürət həvəskarıyam, xüsusilə də müharibə dövründə, düşməni sürətlə qabaqlamaq lazımdır. İndi isə icazə verirəm, gedin müalicənizi davam etdirin...

Əslində gənc nazir Stalindən bəlkə də bu cür münasibət gözləməyib. Çünki Stalin müharibə dövründə nazirlərə qarşı hədsiz dərəcədə tələbkar və sərt münasibətdə olub. Bu cür münasibət isə Ustinovun əfv edilməsi demək idi.

Təbii ki, illər ötsə də Ustinov bu hadisəni unutmayıb.

Leonid İliç Brejnevin hakimiyyəti dövründə marşal rütbəli Dmitri Ustinov SSRİ-nin müdaiə naziri olmaqla yanaşı, həm də Siyasi Büronun üzvü olub, Kremldə əsas söz sahiblərindən biri sayılıb. Marşalın həm də Brejnevlə çox yaxın dostluq münasibətləri yaranıb.

1981-ci ilin qış günlərinin birində Brejnev Ustinovu öz bağına dəvət edib. Adətən baş katib müdafiə nazirini öz bağına tez-tez dəvət edib. Onlar birlikdə yeni filmlərə baxıblar, meşə gəzintisinə çıxıblar, özləri üçün xudmani məclis təşkil ediblər və bir də sözsüz ki, vacib dövlət məsələlərini birgə müzakirə ediblər.

Bu dəfə də Ustinov həmişəki kimi bir neçə saat Brejnevin bağında olub. O, gecə saat 1-in yarısında şəhərə qayıdıb. Bağdan çıxdıqdan sonra hər iki tərəfi meşə olan boş yolda qarşı tərəfdən tən yolun ortası ilə hərəkət edən “Moskviç” görünüb. Naziri müşayiət edən avtomobil səsgücləndirici vasitəsi ilə “Moskviç”dən yoldan çıxmasını tələb edib. Yol sürüşkən olduğundan “Moskviç”in sürücüsü kənara çıxmaq istəyəndə sürüşüb və Ustinovu müşayiət edən maşınla toqquşub. Hər iki maşın az da olsa əzilib. “Moskviç”in sürücüsü isə başından kiçik zədə alıb.

Dövlət Avtomobil Müfəttişliyinin və ərazi milisinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qarşı tərəfdəki maşında kimin olduğunu fərqinə varmayan “Moskviç”in sürücüsü çox dəlisov bir şəkildə özünü müdafiə etməyə başlayıb. Amma bu heç bir nəticə verməyib. Milis əməkdaşları onu özləri ilə aparıb.

Səhərisi gün Dmirtri Ustinov həmin sürücünün onun kabinetinə gətirilməsini göstəriş verib. Sürücü içəri daxil olanda mülki geyimdə olsa da, marşalı hərbi qaydada salamlayıb. Sonra nazirin danışmasını gözləməyərək çox qətiyyətli və özünə inamlı şəkildə marşala müraciət edib:

- Yoldaş marşal, dünən baş vermiş yol qəzasında mənim heç bir günahım yoxdur. Yol sürüşkən olduğundan maşın müvazinətini saxlaya bilmədi və sizi müşayiət edən avtomobil də qeyri-peşəkarlıq edərək qəza vəziyyətindən çıxmağa imkan tapmadı.

Ustinovun başı tənziflə bağlı sürücünün bu cür çıxışı xoşuna gəlib və həm də əvvəlcədən bilib ki, sürücü ehtiyatda olan kapitandır, müharibə veteranıdır. Həmin məqamda marşal illər öncə Stalinin ona dediyi sözləri xatırlayıb və həmin tərzdə də sürücüyə cavab verib:

- İndi isə mənə qulaq asın. Sizin qəzada günahınız olmayıb. Amma buna baxmayaraq bəxtiniz gətirməyib, başınızdan zədə almısınız. Amma cəzalandırılmağınız baxımından bəxtiniz gətirib. Mən də sürət həvəskarıyam, dəlisovluqda isə sizdən heç də geri qalmaram. İndi isə gedin, müalicə olunun, hərbi qospitalda sizi qarşılayacaqlar.../musavat.com