QƏRBƏ GÜVƏNMƏK OLARMI? – Yaxud Ukrayna müharibəsində təkcə Rusiya günahkardır?

Baxış sayı:
550

Avropadan və ABŞ-dan ədalət ummaq özünü aldatmaq kimi bir şeydir. Tarixən bu dövlətlər haqqın və ədalətin yanında yox, gücün və zorakılığın, silahın və əzənin yanında dayanıblar. Gücün varsa, deməli, demokratiyanın, bütün azadlıq və hüquqların anası da, dədəsi də sənsən. 
Bu sətirləri Ukraynada yaşanan fəlakətin doğurduğu hisslərin təsiri altında yazıram. Qərb ölkələri və uzaq okeanın o tayında özünü təhlükəsiz görən və hiss edən, insanlığa demokratiya dərsi keçən Amerika Birləşmiş Ştatları üçün dünyada silahlı konfliktlərin olması göydəndüşmə hədiyyə kimi qarşılanır və bu qaynar qazandan siyasi, iqtsadi, beynəlxalq qazanc, fayda götürmək üçün hər nə desən, ona gedirlər.
Ukraynanın ağır və son dərəcə məşəqqətli hala salınmasında təkcə Rusiyanı günahlandırmaq, mənim fikrimcə, proseslərə yanaşmada dürüst və doğru nöqtəyə gətirməyə acizdir. Bu müharibədə görünən və görünməyən hər iki tərəfin öz maraqları vardır. Bunu hadisənin elə ilk saatlarındaca beynəlxalq aləm hiss etməyə başladı. Putin elə zənn edirdi ki, uzağı hərbi əməlyyatların üçüncü günü Zelenski vəziyyəti anlayıb müqavimət göstərmədən ya özü təslim olacaq, ya da işğalçı ordu Kiyevi götürərək Ukraynanın prezidentini ordaca edam  edəcəkdir. İnsanlar da paytaxt Kiyevdə onu gül-çiçəklə qarşılayacaqlar. Variantlardan heç birini reallaşdıra bilməyən Putin Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə biabırçı şəkildə ölkədən qaçan sabiq dövlət başçısı Yanukoviçi gündəmə gətirdi. Kremlin rəhbəri bu minvalla müharibədən qalib çıxmaq üçün bütün vasitələri işə salsa da, hamısı nəticəsiz qaldı.
Əsrlərlə sürən hiyləgərliyi, ikili yanaşmanı bu dəfə Qərb içində saxlaya bilmədi və nəyi varsa, hamısını tökdü bayıra. Təfərrüatlar göstərdi ki, Rusiyanı çökdürmək üçün ən optimal yol Ukrayna ilə savaşın müddətini uzatmaq və effektli anti-təbliğatın sürətini artırmaq gərəkdir. İlk gedişdə şifahi öyüd-nəsihətlərlə Rusiyanı  bu davadan çəkindirmək səylərini ortaya qoyurmuş kimi görünən Qərb dövlətləri, nüfuzlu beynəlxalq təsisatlar paralel olaraq Zelenskinin sığınacaqla təminatı barədə çağırışlara başladılar. Belə çağırış Böyük Britaniyanın baş naziri Boris Jonhsondan gəldi və onun tərəfindən qorxaqcasına irəli sürülmüş bu təşəbbüsə qarşı Ukrayna ictimaiyyətinin ayağa qalxaraq etirazlar etməsi baş naziri geri çəkilməyə məcbur etdi.
Eynən həmin pis vəziyyətə Fransa prezidenti Makron da düşdü. Əgər xatırlayırsınızsa, müharibə üç gün idi  başlamışdı ki, Putinlə telefon danışığından dərhal sonra o, Ukraynanın dövlət başçısının təhlükədən xilası üçün ölkəsində ona iqamətgah verməsi barədə açıqlama ilə çıxış etdi. Əsl siyasi nadanlıq! Zelenski isə hər iki və digər Avropa dövlətlərindən təcavüzkar düşmənə qarşı vuruşmaq niyyətində olduğunu bildirdi və onlardan silah istədi. Əks halda “faciələrin, qırğın və dağıntıların sabah-birisigün Avropaya ayaq basması tam mümkündür”- deyə bütün dünyaya səsləndi.
Hitler faşizmindən daha amansız və yırtıcı təsir bağışlayan Putin administrasiyası növbəti həmlə üzərində işləməyə başlayıb.
Rusiyaya yedirtmək əvəzinə, görün, ermənidən dönmə Makron Zelenskinin Avropa İttifaqına üzvlük barədə müraciətinə hansı münasibəti bildirir: “Müharibə aparan ölkəni İttifaqa qəbul etmək olmaz. Qaydalar buna icazə vermir”. Əsl ikiüzlülük bax budur! Adı yoxdur belə siyasi fahişəliyin. Rusiya ordusu qırıcı-hərbi təyyarələr, uzaqmənzilli artilleriya sistemləri ilə Ukraynanı az qala yerlə-yeksan edib. Hələ bu günə kimi zəruri silah sarıdan tam təmin olunmayan Ukraynanın böyük şəhərləri, uşaq baxçaları və xəstəxanaları, sosial obyektlər, mülki yaşayış evləri ağır silahlardan açılan atəş nəticəsində darmadağın olaraq xeyli sayda dinc əhali öldürülüb. Daha nə olmalıdır ki, problemin həllinə məsuliyyətli münasibət göstərilsin!?  
İki sualım olacaq ermənidən dönmə prezidentə. Birincisi, məgər Türkiyədə müharibə gedir ki, 40 ildən çoxdur bu ölkənin üzvlüklə əlaqədar müraciəti müxtəlif bəhanələrlə geri atılır və Avropanın özünü demokratik sayan dövlətlərindən dəfələrlə yüksəkdə dayanan Türkiyəyə laqeydlik göstərilir!? Türkiyənin NATO üzvü olmasına baxmayaraq, bu qüdrətli müsəlman ölkəsinə bu cür ayrıseçkilik nümayiş etdirilir. Planda Ukrayna ilə bağlı milli, dini əsaslar yox, torpaq, ərazi qəsbkarlığı durur ki, bu məsələdə də böyük bir ölkənin torpaq bütünlüyünü Rusiya parçalaya-parçalaya gəlir. Halbuki Ukraynanı lazımi hərbi yardımlarla vaxtında  təmin etmiş olsaydılar, bu dərəcədə dağıntıya və itkiyə yol verilməzdi də.
Nəhayət, Qərbin köməyinə ehtiyac duyan ölkə və dövlət sonda məğlubiyyətə məruzdu. Ukrayna buna ən parlaq misal ola bilər. Xüsusilə, ABŞ-la hər hansı əməkdaşlığa gedilərkən ən adi məsələnin müzakirəsinə ciddi diqqət yetirilməlidir. Sonra dərin problemlə üzləşməmək üçün. ABŞ görsəndi ki, Gürcüstanı meydanda tək buraxdığı kimi, Ukraynanı da rus imperializmi qarşısında tək qoydu. Bayden hökuməti bu günün özündə də müharibənin uzanmasını istəyir… Dağılan Ukrayna və ukraynalılar olsa da.
Üstəlik, işğalçı Rusiyanın sanksiyalarla az müddət ərzində diz çökəcəyinə inam da azdır.
Eldar SABİROĞLU