Qonşudakı təhlükə qapımızı döyə bilər - “Azərbaycanda yayılarsa...”

Baxış sayı:
10906

Xəbər verdiyimiz kimi, qonşu ölkə İranda “Krım-Konqo” qızdırması yayılıb. Bu xəstəliyə yoluxanların sayı 90-nı, bu səbəblə həlak olanların sayı isə 10-u keçib.

Bəs xəstəliyin Azərbaycan tərəfə keçmək ehtimalı varmı?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, bunun qarşısını almaq üçün  ciddi addımlar atılmalıdır:

“Ümumiliyyətlə, hava-damcı yolu ilə yayılan xəstəliklərin hamısının epidemiya təhlükəsi var. Hətta bunlar zəif viruslar olsa belə, onların qonşu ölkələrə yayılması realdır. Xüsusilə nəzərə alsaq ki, sərhəd zonalarında daim miqrantların gedib-gəlişi var, ona görə də bu xəstəliyin yayılması real görünür. Yayılma təhlükəsi olan istənilən virusa qarşı təcili karantin tədbirləri görülməlidir. Bunun üçün sərhəd zonalarında nəzarət gücləndirilməlidir. Əgər gələnlər arasında şübhəli şəxslər varsa, onlar karantinə salınmalı, xəstəliyin olub-olmaması dəqiq müəyyənləşməli, daha sonra onunla bağlı qərar verilməlidir. Biz bunu etməsək, ölkə üçün əlavə problemlər yaranacaq. Bu xəstəlik yayılarsa, bunun lokallaşmasının aradan qaldırılması üçün xeyli dövlət vəsaiti, xeyli əmək tələb olunur. Buna görə də ən yaxşı tədbir profilaktikadır". 

Professor həmçinin xəstəliyin əlamətlərini sadalayaraq, bu əlamətlərə rast gələn insanların həkimə müraciət etməsini məsləhət görüb:

“Halsızlıq, qızdırma və s. intoksikasiya əlamətidir və bu halda həkimə müraciət etmək lazımdır”.