QONŞU ÖLKƏ “AYRI METODLARA” ƏL ATIR - “Hətta dost ölkələr də bizdən neft almağa qorxur...”

Baxış sayı:
6466

İran vise-prezidenti Eshaq Cahangiri deyib ki, hətta dost ölkələr də ABŞ sanksiyalarının qorxusundan İrandan neft almağı dayandırıb. Amma o əlavə edib ki, İran təzyiqlərə baxmayaraq müəyyən qədər neft sata bilir. Lakin vise-prezident neftin hansı ölkələrə satıldığını deməyib. Azadlıq Radiosunun Fars xidməti bildirir ki, Cahangiri İranın öz neftini satmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini deyib: "Düşmən bizim neft ixracatımızı sıfra endirə bilməyib, amma onların təzyiqi altında hətta bizə dost ölkələr, bu vaxtadək bizə ən yaxın olmuş ölkələr də İrandan neft almağa cəsarət etmir. Biz neftimizi satmaq üçün ayrı metodlara əl atırıq. ABŞ ölkənin iqtisadi fəaliyyətlərinin bütün yollarını bağlayıb”. İran rəsmiləri bu vaxtadək nə qədər neft satıldığı barədə məlumat verməyiblər, lakin bütün əlamətlər İranın qonşu ölkələrə qaçaqmalı şəbəkələrindən istifadə ilə çox məhdud həcmdə emal edilmiş yanacaq çıxara bildiyini göstərir. Noyabrın 5-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Heşmətullah Falahatpişeh demişdi ki, hazırda İran ABŞ sanksiyalarından əvvəl olduğundan iyirmi dəfə az neft ixrac edir. Millət vəkilinin məlumatı səhihdirsə, sanksiyalar bir il əvvəl qüvvəyə minənə qədər İran günə 2, 5 milyon barrel neft ixrac edirdi. Hazırda isə bu rəqəm 125 min barreldir. Bəzi təhlilçilər bildirirlər ki, bu rəqəmlərin açıqlanması gözlənilən büdcə kəsirini gizlətmək cəhdidir.2019-2020-ci il üçün İran büdcəsi günə 1, 54 milyon barrel neft ixracını nəzərdə tutaraq tərtib edilib. Beynəlxalq Valyuta Fondu proqnozlaşdırıb ki, İranın builki və gələnilki büdcəsi böyük kəsirlə qarşılaşacaq. Noyabrın 12-də prezident Həsən Ruhani etiraf etmişdi ki, neft ixracı olmasa, ölkə iflasa uğrya bilər:“İranın vəziyyəti heç vaxt bu qədər çətin və mürəkkəb olmayıb”. Xatırladaq ki, İran hakimiyyəti bu günlərdə ölkə iqtisadiyyatının böhran içərisində olduğuna görə benzinə ayırdığı subsidiyaları ixtisar edib. Nəticədə benzin iki dəfəyədək bahalaşıb, ölkəni etirazlar və iğtişaşlar bürüyüb. Yüzlərlə adam öldürülüb.