"Qoca"nı həbsdən qaçıran qadında ağır xəstəlik tapıldı

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb.
 
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, G.Atakişiyeva Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər  barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.