​ QƏBƏLƏ SAKİNİNƏ 5 BIÇAQ ZƏRBƏSİ VURDU, AZADLIQDA GƏZİR... – Zərərçəkən Vüsal Müstaqov: “Kənan hadisədən 15 gün əvvəl də kimisə bıçaqlamışdır”

Baxış sayı:
382

Qəbələ rayonunun Zarağan kənd sakini Müstaqov Vüsal Zakir oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Mən Qəbələ rayonunun Zarağan kəndində yaşayıram. 29 yanvar 1995-ci ildə anadan olmuşam. Hazırda heç yerdə işləmirəm.
9 oktyabr 2021-ci il, saat 20:30 radələrində Zarağan kəndində Qalib adlı şəxs dostum Vüqarı döydüyü zaman, mən onlara yaxınlaşıb davanı ayırmaq istədim. Elə bu vaxt Kənan adlı şəxs mənə arxadan 5 bıçaq zərbəsi vurdu.
Məni təcili olaraq Qəbələ şəhər xəstəxanasına çatdırdılar. Boyun, qol, arxa döş qəfəsindən vurulan zərbələr nəticəsində çoxlu qan itirmişdim. Təcili tədbirlər görüldü. Ağ ciyərimə vurulan bıçaq isə daxili qanaxmaya səbəb olmuşdu.
Mən 16 oktyabrda müalicəni davam etdirmək üçün evə buraxıldım. Cinayətkar Kənan isə 48 saatdan sonra Qəbələ Polis Şöbəsindən evinə buraxılmışdır.
Xatırladım ki, bu adam əvvəllər də törətdiyi cinayətə görə məhkum edilmiş və ayağına bərkidilən bilərziyi sındıraraq Ağdaşa gəlmiş və hadisədən 15 gün əvvəl də kimisə bıçaqlamışdır. Çox maraqlıdır ki, belə bir ictimai təhlükəli məhkum cinayətkarı, məni də ağır bədən xəsarəti yetirməklə bıçaqladıqdan sonra, aparılan istintaq zamanı niyə dərhal evə buraxırlar? Nə baş verir? Mən şikayətçiyəm və tələb edirəm ki, məhkum Kənan layiq olduğu cəzanı çəksin.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, hazırda istintaqı aparılan Kənan adlı şəxsin və onun himayədarlarının cəzalanmasına göstəriş verəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.