Qarabağı unudaq? - “Yeltsinin müşaviri Qarabağla bağlı planı dilə gətirib”

Baxış sayı:
343

“Fikrimcə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri onların vaxtında hazırlanan planı dilə gətirib”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında millət vəkili Asim Mollazadə Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri olmuş tarixçi və siyasətçi Sergey Stankeviçin Qarabağ münaqişəsinin həllinə dair fikirlərinə münasibət bildirərkən deyib.

Sergey Stankeviç bildirib ki, Qarabağ münaqişəsi üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir. “Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”,- deyə Stankeviç vurğulayıb.

O əlavə edib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.

Asim Mollazadə isə hesab edir ki, Boris Yeltsinin dövründə onun komandası Qarabağı Azərbaycandan ayırmaq və müharibəni alovlandırmaq istiqamətində ciddi səylər göstərib. “Üç nəslin dəyişməsi də planın tərkib hissəsi ola bilər. Görünür, düşüblər ki, üç nəsil dəyişdikdən sonra Azərbaycanda Qarabağı unudacaqlar və ermənilər buranı birdəflik zəbt edəcək”,- deyə Asim Mollazadə bildirib.

Deputat əlavə edib ki, bu planın indi də qüvvədə olması istisna deyil.