QARABAĞDAN QAZAXISTANADƏK: Qərb Putin-Ərdoğan tandeminin “Yeni Avrasiyası”nı dağıda biləcəkmi?

Baxış sayı:
370

Siyasi analiz üçün səhih informasiya nə qədər önəmlidirsə, təhlilçinin soyuqqanlılığı da bir o qədər vacibdir. Təhlilçi öz emosiyalarını, xüsusən də rəğbət və nifrətini təhlil etdiyi hadisələrə, obyektə münasibətdə ön plana keçirəcəksə, aydındır ki, heç vaxt doğru nəticəyə də gələ bilməyəcək.

Biz bunu, çox kiçik istisnalarla, əksər siyasətçilərimizin, təhlilçi saydıqlarımızın söylədiklərində daha aydın görürük: səhih informasiyadan, ciddi elmi araşdırmadan daha çox dedi-qodu, şayiə üzərində və özü də ciddi psixoloji pozuntunun ifadəsi olan əsəbi ovqatın və dar siyasi maraqların təsiri altında yüksək pafosla edilən çıxışlar heç bir ciddi məzmun daşımadığından, cəmiyyəti qane etmir və ilk haqlı suallardaca söykəndikləri arqumentlər alt-üst olur. Diqqət yetirin: hansısa mühüm hadisə baş verən ərəfələrdə bizdə sosial şəbəkələrimizin trendini daha çox lağlağı və əksər hallarda da oğurluq, plagiat fikirlər, ya da əvvəlcədən bu sferada şişirilib cəmiyyətə “populyar ictimai rəy fiqurları” kimi sırınmış şəxslərin yaydığı tezislər təşkil edir.

Bəli, bu, qaydadır: öz başıyla düşünə bilməyənlər həmişə başqalarının başına möhtac qalarlar! Möhtac qaldığın başlar da başqalarının maraqlarına xidmət edirsə, vay sənin halına...

Elə səhih informasiyaya, elmi biliklərə və soyuq ağıla söykənəcək siyasətçi və təhlilçilərimiz olmadığından və ya onlara önə çıxmaq imkanı verilmədiyindən, biz xüsusən 44 günlük Qarabağ savaşından üzü bu yana, sosial şəbəkələrdə nəticəsinə baxmadan “özgə başlar”ın bizim üçün istehsal etdiyi fikirləri tirajlamaqla, yaymaqla və onların təsiri altında qərar qəbul etməklə məşğuluq.

İki nəhəng imperiya varisləri olan böyük qonşumuz – Rusiya ilə Türkiyə arasındakı dəyişən və daha çox da elə bizim lehimizə olacaq münasibətləri son 2 ildə qəsdən gərginləşdirmək və korlamaq, hər fürsətdəcə əvvəlki ənənəvi məcrasına qaytarmaq xəttini hədəfləmiş fikir və tezisləri sosial şəbəkələr üzərindən Azərbaycan ictimai rəyinə israrla sırıyanlar da məhz o “özgə əllərdə olan başlar”dır.

Elə bu səbəbdən nə böyük hədəfimiz olan “Turan”a qapı açan Qarabağ savaşının mahiyyətini doğru-dürüst anlaya bilirik, nə də “Turan”ın ən böyük ölkələrindən biri olan Qazaxıstanda bu gün yaşananları.

Biz vaxtilə ərazilərimizi işğal etmiş Rusiyaya qarşı aşırı nifrətimizi və qardaş Türkiyəyə olan tükənməz sevgimizi bir kənara qoymadan, hadisələri doğru təhlil edə bilməyəcəyik, inanın! Nifrət və sevgi eyni anda necə bir yerdə olar, axı?! Ona görə də Rusiyanın hər hərəkətində, hətta özünüqoruma hissiylə atdığı hər addımda bir pis niyyət, məkrli davranış axtardığımız kimi, Türkiyənin Rusiya ilə hansısa məsələdə ortaq davarana biləcəyini də ağlımıza sığışdıra bilmirik. Sanırıq ki, Türkiyə də elə bizim kimi Rusiyaya nifrət edir, onunla uzlaşa, razılaşa, heç vaxt da bir yerdə ola bilməz!

Bu emosional ovqatı bir kənara tullayıb, sevgi və nifrət göz yaşlarımızı da silsək, görərik ki, Ərdoğan Türkiyəsi və Putin Rusiyası artıq xeyli vaxtdır, - ən azından, 2016-cı ilin 15 iyulundakı məlum çevriliş olaylarından üzü bu yana, - əksər məsələlərdə bir yerdədirlər və hətta çox fəal şəkildə yeni bir geopolitik strategiyanı – Çin və Avropa arasındakı coğrafiyada Rusiyanın “Yeni SSRİ”, türklərin “Turan”, Qərb strateqlərinin isə “Yeni Avrasiya” adlandırdıqları blokun formalaşdırılması prosesini həyata keçirirlər. ABŞ və Avropa İttifaqının pozucu müdaxilələrinə və təhriklərinə baxmayaraq da, hər iki ölkə rəhbəri harada mənafelərin toqquşma nöqtələri varsa – durur, əyləşib danışırlar; harada uzlaşa bilirlərsə - orada da razılaşır, əməkdaşlıq edirlər.

Elə Qarabağda – Cənubi Qafqaz dəhlizi üzərində 30 ildir tıxaca çevrilmiş münaqişənin həllinə ona görə razılıq verildi ki, Azərbaycan üzərində Əliyevin iştirakıyla Putin-Ərdoğan anlaşmasını əldə etmək mümkün oldu. Məgər Rusiya istəsəydi, 9 noyabrda deyil, elə hərbi əməliyyatların ilk günlərində nəyisə bəhanə edib Azərbaycana da qoşun yeridə bilməzdimi?! Əlbəttə, edərdi, heç o kollektiv Qərb də cınqırını çıxarmaz, bəyanatlardan uzağa gedə bilməzdi – xristian Gürcüstan, Ukrayna, Moldova göz qabağındadır.

Ancaq Rusiya 44 gün ərazində müdaxilə etmədi və hətta prezident Putin səviyyəsində dilə gətirildi ki, hərbi əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Hüquqtanımaz Rusiyanın yadına hüquq ona görə düşmüşdü ki, bir tərəfdən, Ermənistanın KTMT-dən qopub NATO-ya üz tutmasının qarşısı alınacaqdı, o biri tərəfdən də əməliyyatlara müdaxilə etməyəcəyinə dair öncədən Azərbaycana söz vermiş, vəd almışdı və sözə, vədə təminatçı kimi də Ərdoğan Türkiyəsi çıxış etmişdi. Şükür ki, bu savaşda Ermənistanı məğlub edə bildik və əldə olunan nəticə də indi Azərbaycanı, Türkiyəni və Rusiyanı nəinki qane edir, hətta onlara “Yeni Avrasiya” üçün daha əlverişli əməkdaşlıq imkanları açır...

İndi də KTMT və Avrasiya İttifaqının daha bir üzvü - Qazaxıstan. O Qazaxıstan ki, strateji xammal ehtiyatlarıyla zəngin 2,8 milyon kvadrat kilometrlik böyük ərazisi, əksəriyyəti türk mənşəli olan 20 milyonluq əhalisi ilə Turan Birliyinin (TDT) – “Yeni Avrasiya”nın Rusiya və Çin sərhəddində ən əhəmiyyətli, açar ölkəsidir. Yəni, təkcə Rusiya, Çin və ABŞ deyil, həm də Türkiyə üçün həyati əhəmiyyətli geopolitik nöqtələrdəndir. Bununla belə, biz Türkiyənin Qazaxıstandakı hadisələrə nəinki qarışmadığını, əksinə, Rusiyanı rəsmən Qazaxıstana çağırmış prezident Tokayevi dəstəklədiyini müşahidə edirik. Çünki Türkiyə kəşfiyyatı dəqiq bilir ki, işğtişlarını təşkilində və proseslərin arxasında Qazaxıstanı KTMT-dən və Avrasiya İttifaqından çıxarmaq istəyən qüvvələr durur. Qazaxıstanda Qərbyönümlülər hakimiyyəti ələ keçirərdilərsə, bu, Putin və Ərdoğanın “Yeni Avrasiya” layihəsinə son vermək olardı...

“Yeni Avrasiya” isə 2023-də Ərdoğanın, 2024-də də Putinin yenidən seçilmələrinə “yaşıl işıq” yandıra biləcək layihədir. Hər ikisi çox yaxşı bilir ki, ABŞ əsas rəqibi Çinin qarşısını kəsmək üçün Rusiya və Türkiyəyə çox ehtiyaclıdır. Ancaq bunun üçün ya Rusiya və Türkiyənin təklif etdiyi şərtləri qəbul etməli, ya da Çini zəiflətmək üçün Rusiyada, Rusiyanı zəiflətmək üçün Türkiyədə, Türkiyəni zəiflətmək üçün də Azərbaycan və Qazaxıstanda hakimiyyət dəyişikliyinə nail olmalı, Türkiyəni Rusiyadan ayırmağı və aralarına nifaq soxmağı bacarmalıdır... 

Hələlik Putin-Ərdoğan tandemi ABŞ-ın planlarına qarşı birgə duruş gətirə bilir. Bu, haçanadək davam edəcək, onu deməksə çox çətindir...
Elxan ŞÜKÜRLÜ