Qaniçən tiranlara

Sən bir gün ölməyəcəyinə
arxayın düşüb,
bizi indidən öldüyə yazma.
Dünya özü boyda qəbir yeri,
qəbir içində
qəbrimizi qazma.
Sən məni ha daşla,
ölərəm, ayağına yatmaram.
Daha mən uşaq deyiləm
qurbağaya uşaq vaxtı atdığım
daşı da sənə atmaram.
Fərqli adamlarıq səninlə.
Mən hər gün ölümünə
hazır olan Allah bəndəsi.
Sən haqqa kəllə atan,
haqsızlığa göz yuman,
içındə şər,
dilində yalan gəzdirən
ruhsuz bədənsən.
Dimdiyi ətə öyrəncəli quş-
Sən elə, həmin gödənsən.
Nə çiçəyin açması,
Nə günəşin şəfəq saçması,
Nə həsrətli baxışlar,
Nə nur damlalı yağışlar,
Nə axıdılan göz yaşları,
Nə məzardan boylanan
qəbir daşları
dəyişməz halını.
Nə edim ki, tiransan
Unudubsan Allahını.
Dilin ürəkdən olduğunu
bilməzsən,
Ömründə bir dəfə
ürəkdən gülməzsən.
Ağlatmaqdır peşən sənin,
Qandır içdiyin, nəşən sənin.
Nurəddin İsmayıl