“Putin rəqiblərini amansızlıqla sıradan çıxaracaq” – ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
598

“O, kifayət qədər qətiyyətli və amansız olduğunu nümayiş etdirir”

Məlum olduğu kimi, iyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirildi. Bu dəyişikliklər arasında ən çox diqqəti çəkən hazırkı prezident Vladimir Putinin hər dəfə 6 il olmaqla, 12 il  üçün yenidən seçilə bilməsidir. Artır prezidentlik müddəti 2024-cü ildə bitən Putin, daha  2 dəfə seçilmək hüququna malik olmaqla, hakimiyyəti 2036-cı ilə qədər davam edə bilər.

Amma bəzi ekspertlər konstitusiyaya edilən dəyşikliklərlə Rusiyanın daha da avtoritar dövlətə və qonşuları üçün də daha böyük təhlükəyə çevrilcəyini vurğulayırlar. Belə fikirlər səslənir ki, Rusiya beynəlxalq hüquqa hörmət edən demokratik dövlətə çevrilməyənə qədər bütün qonşuları, o cümlədən də Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalacaq. Maraqlıdır ki, Rusiyada konstitusiyaya  edilən dəyişikliklərdən politoloq Zərdüşt Əlizadə nə gözləyir?

– Əvvəla, Rusiya bir dövlət kimi çətin dəyişsin. Əgər Rusiya qalsa, onun həm daxili, həm də xarici siyasəti eyni olaraq qalacaq. Ona görə, rus siyasətşünaslarını, iqtisadçılarını, alimlərini oxuyanda görürsən ki, onlar əvvəla, Rusiyanın qalması naminə öz iqtisadi siyasətinin kəskin dəyişməsinin vacibliyini vurğulayırlar. Sola dorğu bir dönüm olmalıdır. İkincisi, onların çoxu əmindirlər ki, Putin 2024-cü ildən sonra prezidentliyə öz namizədliyini verməyəcək. O, artıq yəqin özü üçün hansısa bir varis müəyyənləşdirib. Həm də indi onun 70-ə yaxın yaşı var, 86 yaşa qədər onun hakimiyyətdə olması bir az çətindir.

“Pərakəndə cəmiyyət ayağa qalxıb, bu siyasi üsul-idarəni dəyişməyə cəhd edə bilər”

– Bundan sonra Rusiyada iqtidarla müxalifət arasında mübarizə güclənə bilərmi? Çünki bəzi politoloqlar iddia edirlər ki, artıq Rusiyada iqtidar və müxalifət arasında siyasi mübarizə ölüm-dirim savaşına keçəcək.

– Rusiyada SSRİ-nin müxalifəti tamamilə “əl müxalifəti” idi. Həm Kommunist Partiyası, həm Liberal Demokrat Partiyası, həm də Ədalətli Rusiya Partiyası-üçü də “əl müxalifəti” idi. Digər müxalifətin fəaliyyəti üçün Rusiya cəmiyyəti, qanunları, hakimiyyəti heç bir macal vermirdi. Ona görə, hər hansı bir güclü siyasi qüvvənin yaranması və hökumətlə mübarizə aparması ağlabatan görünmür. Amma başqa məsələ var ki, SSRİ-nin süqutu ərəfəsində olduğu kimi hansısa bir güclü bir partiya olmaya da bilər, lakin pərakəndə cəmiyyət ayağa qalxıb, bu siyasi üsul-idarəni dəyişməyə cəhd edə bilər. Yəni heç bir siyasi lider və ya siyasi partiya olmadan bunu edə bilər. 1989-90-cı illərdə də belə olmuşdu.

“Bütün nəzarət funksiyaları Dövlət Şurasına keçəcək”

– Qeyd etdiniz ki, Putinin yaşı çoxdur, ömrünü sonuna kimi hakimiyyətdə qalmayacaq, başqa bir varisin seçilməsi məsələsi ola bilər. Başqa varis də olsa, Rusiyanın daxili, xarici siyasəti Putinin nəzarəti ilə yürüdüləcək?

– Bəli, nə qədər ki, Putin sağdır, çalışacaq müəyyən qədər nəzarəti olsun. Məhz bu nəzarət naminə Dövlət Şurası haqqında bu yaxınlarda qanun qəbul edəcək, prezident ingilis kraliçası kimi olacaq və bütün nəzarət funksiyaları Dövlət Şurasına keçəcək. Yəqin Putin özü də Dövlət Şurasının rəhbəri olacaq. Belə ehtimal olunur. Rus alimlərinin, şərhçiləriin rəylərinə əsaslanıb, bu fikri söyləyirəm.

“Sovet məkanında cəmiyyətlər və ya əhali demokratik dəyişiklikləri qəbul etməyə hazır deyillər”

– Putinin ömrünün sonuna kimi hakimiyyətdə qalması  keçmiş Sovet düşərgəsinə nə kimi örnəklər verə bilər?

– Hansı örnəkləri verə bilər? Ömrününü sonuna qədər İslam Kərimov, Heydər Əliyev hakimiyyətdə qalmışdı. İndi Lukaşenko çalışır ki, ömrünün axırına kimi hakimiyyətdə qalsın.  26 ildir prezidentdir, yenə çalışır olsun. Nursultan Nazarbayev ali məqamdan getdi, lakin işi elə qurub ki, pərdəarxasından hadisələrə nəzarət edə bilir. O ölkələlərdə ki, sanki demokratik ənənələrə uyğun olaraq birinci şəxslər dəyişir, orada da demokratik sabitlik yoxdur, hakimiyyət uğrunda mübarizə gedir. Bu, onu göstərir ki, sabiq Sovet məkanında cəmiyyətlər və ya əhali həqiqətən də demokratik ənənələrə malik və demokratik dəyişiklikləri qəbul etməyə hazır deyillər. Əlbəttə, buradan yalnız Pribaltikanı çıxmaq olar. Baltikyanı respublikalarda birinci şəxslərin dəyişməsi ölkənin ümumi vəziyyətinin dəyişməsinə əsla təsir göstərmir.

“Hər şey hakim zümrənin bütövlükdə vəhdətindən və ona rəhbərlik edən şəxsin qətiyyətindən asılıdır”

– Bəzi politoloqlar da iddia edirlər ki, Putinin ömrünü sonuna kimi hakimiyyətdə qalması Rusiyada vəziyyəti gərginləşdirəcək, Rusiya Federasiyasına daxil olan muxtar republikalarda iğtişaş yaranacaq, onlar müstəqil olmağa çalışacaqlar. Sizin bu barədə gözləntiləriniz nədən ibarətdir?

– İdeologiyanın yoxluğu, hakim zümrənin tamahkarlığı, əhalinin iqtisadi vəziyyətinin durmadan ağırlaşması, hakim zümrənin cəmiyyətə və dövlətə hansısa bir alternativ çıxış yolu göstərə bilməməsi ölkədə böhranın dərinləşməsinə gətirib çıxarır və həqiqətən də bir çox əlamətlər göstərir ki, bölgələr tədricən mərkəzin diqtəsindən qurtulmağa çalışır. Amma bu, Rusiyanın dağılmasına gətirəcək, ya gətirməyəcək, bunu çətin demək olar. Çünki hər şey hakim zümrənin bütövlükdə vəhdətindən və ona rəhbərlik edən şəxsin qətiyyətindən asılıdır. Fərz edək ki, əgər Azərbaycanda vaxtında Mütəllibov qətiyyət göstərsəydi, ölkəmizin başına bu cür bəlalar gəlməzdi, amma o, qətiyyəti göstərə bilmədi və bu bəlalar başımıza gəldi, ərazi itkisi, hüquqların itkisi, diktaturanın qurulması və s. Rusiyada Putin hələlik kifayət qədər qətiyyətli və amansız olduğunu nümayiş etdirir. İstər birinci şəxs kimi qalsa, istərsə də pərdəarxasından hadisələri idarə etsə, şübhə yoxdur ki, ən amansız şəkildə bütün rəqiblərini zərərsizləşdirəcək.

“Azərbaycan Qarabağ qəfəsinin içində oturub”

– Putin istər birinci şəxs kimi qalarsa, istərsə də pərdəarxasından hadisələri idarə edərsə, Rusiya hakimiyyətinin Azərbaycana təzyiqləri daha da artacaq?

– Azərbaycan Qarabağ qəfəsinin içində oturub. Ermənistan da həmin qəfəsdə oturub, sağa-sola addım atmağa imkanları yoxdur. Qəfəsin içində hansı sərbəstlikdən söhbət gedə bilər? Odur ki, Rusiyanın vecinə deyil, Ermənistanda, Azərbaycanda nələr baş verir. Onlar qəfəsdə oturublar və Rusiya rəhbərliyinə itaət edirlər. Bu, Rusiya rəhbəri üçün kifayətdir.

Şamo EMİN, Hurriyyet.org