Putin Navalnının mənzilinə həbs qoydurdu

Baxış sayı:
947

Məhkəmə icraçıları Rusiya müxalifətinin lideri Aleksey Navalnının Moskvadakı mənzilinə həbs qoyub.

TASS xəbər verir ki, bunu onun mətbuat katibi Kira Yarmış “Twitter” səhifəsində yazıb.

"İcra məmurları Aleksey Navalnının mənzilinə həbs qoyub. Bu, Rusiya prezidenti Vladimir Putinin aşbazı Yevgeni Priqojinə məxsus olan “Moskva məktəblisi” şirkətinin iddiası ilə əlaqədardır. Avqustun 27-də, yəni Navalnının zəhərlənməsindən bir həftə sonra məhkəmə icraçıları Marinodakı mənzildə onun payına dair qeyd əməliyyatlarının qadağan olunduğunu elan ediblər”, -  o bildirib.

Bundan sonra Navalnı həmin mənzili sata, hədiyyə edə və ya girov qoya bilməz. K.Yarmışın sözlərinə görə, Navalnının hesabına da həbs qoyulmuşdu.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb./report