PREZİDENT YENİ İSLAHATLARIN ANONSUNU VERDİ - "İslahatlar davam edəcək və..."

Baxış sayı:
1498

Prezident İlham Əliyev Azərbaycanda islahatların davam edəcəyini deyib. 

Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, o, bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib. Prezident əlavə edib ki, islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. 

Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, - deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan ictimaiyyətində islahatların 2019-cu ilin oktyabrında Baş nazirin dəyişməsi ilə başlandığı ərəfədə qənaət formalaşsa da, əslində, prosesə ötən ilin ilk aylarından start verilmişdi. Artıq 2019-cu ilin yanvarından hakimiyyət sosial-iqtisadi sahədə müəyyən addımlar atmağa başlamışdı. Eyni zamanda rüşvət və korrupsiyaya qarşı mübarizə gücləndirilmişdi. 

Lakin ictimai diqqət daha çox kadr və struktur islahatlarına fokuslandığı üçün bu addımlara ciddi önəm verilmirdi. Bununla belə, Baş nazirin əvəzlənməsinə qədər zaman kəsiyində bəzi kadr dəyişiklikləri də baş verdi. Məsələn, Daxili İşlər naziri Ramil Usubov 25 illik nazir karyerası ilə vidalaşdı.

Oktyabrın 8-də Baş nazir Novruz Məmmədovun Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla əvəzlənməsindən sonra hökumətin ciddi kadr dəyişiklikləri həyata keçirəcəyi barədə verdiyi bəyanatların quru vəd olmadığı aydınlaşdı və islahatlar daha sürətli xarakter almağa başladı. Uzun illər yüksək vəzifədə təmsil olunan, həmçinin yaşlı məmurların işdən çıxarılmasına start verildi. Eyni gündə Baş nazirin iki müavini Əli Həsənovla Hacıbala Abutalıbov vəzifədən getdi. Nazirlər Kabinetinin dinamik quruma çevrilməsi istiqamətində bir sıra addımlar atıldı. 

Az sonra kadr islahatları Prezident Admnistrasiyasına sıçradı və ictimai-siyasi seqmentin böyük maraqla gözlədiyi dəyişiklik nəhayət baş verdi: Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev postunu tərk etdi.  PA-dakı növbəti mühüm hesab edilən dəyişiklik isə ictimai-siyasi şöbənin müdiri, Prezidentin köməkçisi Əli Həsənovun işdən çıxarılması oldu.

Prezident və hakimiyyətdəki islahatçı qanad bununla kifayətlənmədi. Artıq nüfuzunu itirməkdə olan Milli Məclis buraxıldı və fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Təsadüfi deyil ki, Prezident Davosda bu barədə danışarkən fevralın 9-da keçiriləcək parlament seçkilərini də islahatların vacib hissəsi adlandırıb.

Növbədənkənar parlament seçkilərinin təyin edilməsindən sonra islahatların bitdiyi barədə mülahizələr irəli sürülsə də, ölkə başçısının Davosdakı çıxışı göstərdi bu mövzu hələ qapanmayıb və seçkilərdən sonra növbəti dalğa başlaya bilər. Bu dəfə də ciddi kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir. 

Bəzi ekspertlər isə hesab edir ki, islahatların növbəti dalğası elə seçkilərdə özünü biruzə verə bilər. Onların fikrincə, cəmiyyətdə neqativ reputasiyaları ilə tanınan deputatların yenidən mandat uğrunda yarışa girmələri heç də hökumətin istəyi ilə deyil və mümkündür ki, onlar parlamentdən kənarda qalsınlar. Təbii ki, ədalətli seçkilər nəticəsində. Doğrudur, onlardan bəzilərinin namizədlikləri hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Bu baxımdan hesab edilir ki, həmin şəxslər yenidən Milli Məclisdə təmsil olunacaqlar. Amma nəzərə almaq lazımdır ki, hakimiyyət daxilində islahatları qəbul etməyən mühafizəkarlar da var. Amma ortada Prezidentin Davosdan verdiyi mesaj da var: İslahatlar davam edəcək!

İslahatların növbəti dalğası başlayacaq – İlham Əliyevdən anons