PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU: Gürcüstanda kim qalib gələcək?

Baxış sayı:
10915

Srağagün Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri qonşu ölkədə demokratik dəyərlərin üstün olduğunu bir daha ortaya qoydu. Hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadzenin səs faizləri arasında ciddi fərq olmaması bunu sübut edir. Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəkldiyi Salome Zurabişvili 38,82 Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadze isə 37,68 səs toplayıb. Keçmiş spiker David Bakradze isə 10, 97%-lə üçüncü yerdə qərarlaşıb. Buna görə də qonşu ölkədə prezident seçkilərinin ikinci turu seçkilərin yekun nəticələrinin elan olunmasından iki həftə sonra keçiriləcək. Namizədlərin 50% nəticəni aşa bilməməsi isə Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadzeyə Gürcüstan prezidenti seçilməsi üçün imkan yaradıb. Çünki keçmiş spiker David Bakradze Vaşadzeni dəstəkləyəcəyini, tərədarlarının ona səs verəcəyini açıqlayıb ki, bu da Q.Vaşadze üçün prezident seçilməyə şans yaradır. Artıq bəzi ekspertlər, partiya sədrləri də bu qənaətdədirlər ki, Gürcüstanın yeni prezidenti Q.Vaşadze olacaq. Bu isə xaricdə yaşayan keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdacağına və onun Gürcüstan siyasi səhnəsində yenidən böyük addımlar atmasına şərait yaradır. Çünki Q. Vaşadze keçmiş prezident M. Saakaşvilinin dönəmində Xarici İşlər Naziri olub və onunla şəxsi əlaqələri var. O baxımdan, Gürcüstanda təkrar Saakaşvli dönəmi başlaya bilər ki, bu da Borçalıda yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyət daşıyır. Çünki Saakaşvli dönəmində olduğu qədər heç bir Gürcüstan prezidentinin dönəmində Azərbaycan türklərinə belə diqqət, qayğı göstərilməyib. “Saakaşvili mütləq gəlməlidir” Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci tura qalması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, əgər ədalətli seçki olsa, ikinci turda Vaşadze qalib gələcək: “Seçkilərin nəticələri gözlənilməzdir. Ona görə ki, biz belə hesab edirdik ki, Vaşadze birinci turda qalib gələcək. Amma dünən İvanişvili çıxış edərək bildirdi ki, bunların arxası yoxdur, xalq onları dəstəkləmir. Ona görə, birinci turda bizim namizədimiz qalib gələcək. Onun dediyi də baş tutmadı. Amma hər halda ikinci tura keçmək seçki prosesinə Vahid Milli Hərəkat Partiyasının ciddi nəzarət etməsilə bağlıdır. Arada müəyyən saxtakarlıqlara əl atıla bilər. Ona görə, ikinci turda ölüm-dirim mübarizəsi olacaq” “Demokratiyaya yaxın bir seçkinin keçirildiyini söyləmək olar” Q. Hüsenlinin fikrincə, Gürcüstanda keçirilən bu seçkini demokratik seçki adlandırmaq olar: “Çünki müxalifətin nümayəndəsi iqtidarın nümayəndəsi ilə az qala eyni bərbarər səsi toplayıb, seçki ikinci tura keçirsə, tam demokratik olmasa da, demokratiyaya yaxın bir seçkinin keçirildiyini söyləmək olar. Çünki hakimiyyətin sərəncamında inzibati resurslar var”. “Saakaşvili bu dəfə Gürcüstana gəlməsə, siyasi səhnədən silinəcək” “Gürcüstan parlamentinin deputatı Azər Suleymanov söyləyib ki, Saakaşvili günü sabah Gürcüstana gələ bilər. Bunu gözləmək olar” sualına Q. Hüseynli belə cavab verdi: “Gözləmək də olar və o gəlməlidir. Saakaşvli özü dəfələrlə söz verib. Bu dəfə də o, Gürcüstana gəlməsə, siyasi səhnədən silinəcək. O, mütləq gəlməlidir və öz tarixi missiyasını yerinə yetirməlidir”. “Vahid Milli Hərəkat Partiyası hələ də müxalifətin lokomotivi olduğunu göstərdi” Politoloq Şahin Cəfərlinin fikrincə isə, əgər 2-ci tur da eyni şəkildə keçirilərsə, nəticələrə təsir edəcək kütləvi əyintilər baş verməzsə, bu, Gürcüstan demokratiyasının inkişafı və avroatlantik inteqrasiya istiqamətində irəliyə doğru böyük bir addım olacaq: “İlk turun ən önəmli siyasi nəticəsi budur ki, müxalifət 6 illik böhran və reqres vəziyyətindən çıxaraq “Gürcü Arzusu”nun dominantlığına son qoymaq gücündə olduğunu nümayiş etdirdi. Vahid Milli Hərəkat ötən müddətdə İvanişvilinin onu dəfn etmək cəhdlərinə, içəridən parçalanmalara məruz qalmasına baxmayaraq, hələ də müxalifətin lokomotivi olduğunu və yenidən iqtidar alternativi halına gəldiyini göstərdi. Liderlər və millət vəkillərinin böyük əksəriyyəti ayrılsalar da, partiya öz yerli strukturlarını böyük ölçüdə qoruya bildi. Bu isə onu deməyə əsas verir ki, ölkənin ən ucqarlarına qədər təşkilatlanmaq və strukturlara malik olmaq vitrindən heç də az əhəmiyyət daşımır, hətta daha önəmlidir”. Cəfərli onu da nəzərə çatıdırıb ki, Qriqol Vaşadze Vahid Milli Hərəkatın liderliyində qurulan, 11 partiyadan ibarət “Güc birlikdədir” blokunun namizədi kimi mübarizəyə qoşulsa da, müxalifət ümumilikdə vahid namizəd müəyyən etməyərək yarışa ayrı-ayrılıqda qatılıb: “Bu taktikanın özünü doğrultduğu ortadadır. İqtidarın namizədi 38,6% səs yığa bildi, başqa sözlə, seçicilərin 61%-dən çoxu qarşı tərəfdə yer aldı. Vaşadze və dünənə qədər Vahid Milli Hərəkatın liderlərindən olan Bakradze birlikdə 49% civarında səs aldılar, bu, ciddi uğurdur. Digər namizəd, 2,2% səs toplamış Zurab Caparidze də vaxtilə bu partiyada təmsil olunub”. “Hakimiyyətin namizədi İvanişvili və ya Kaladze olsaydı, Zurabişvilidən daha çox səs toplayacaqdılar” Politoloq “Gürcü Arzusu” Partiyasının yüksəliş trendinin dayandığını və ulduzunun sönməyə başladığını söyləyib: “Amma nəticələri hakim partiyanın iflası və çöküşü kimi dəyərləndirmək tələskənlik olardı. Çünki “Gürcü Arzusu” seçkidə öz namizədi ilə iştirak etmədi. Məsələn, namizəd İvanişvili və ya Kaladze olsaydı, şübhə yoxdur ki, Zurabişvilidən daha çox səs toplayacaqdılar, bəlkə də 50%-i keçə biləcəkdilər” ““Gürcü Arzusu”nun konstitusion çoxluq qazanması Qərbi məmnun etməmişdi” Cəfərlinin fikrincə, iqtidarın öz namizədi ilə çıxış etməməsinin səbəbləri var: “Çünki seçki kampaniyasından əvvəl Qərb İvanişviliyə mədəni şəkildə mesaj verdi ki, seçkiyə öz namizədi ilə qatılmasın. Ona görə ki, son parlament seçkilərində “Gürcü Arzusu”nun konstitusion çoxluq qazanması Qərbi məmnun etməmişdi və İvanişviliyə açıq şəkildə dedilər ki, aşağıdan yuxarıya bütün seçkili orqanların və institutların sizin nəzarətinizdə olması demokratiyanın inkişafına xidmət etmir. İvanişvili bu mesajı aldı və gərəyini yerinə yetirdi”. “2-ci turda Vaşadzenin qələbəsi ilə müxalifət hakimiyyətə gəlmiş sayılmayacaq” Ş. Cəfərli onu da diqqətə çatdırıb ki, Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur, icra səlahiyyətləri tamamilə baş nazirin və onun hökumətinin əlindədir: “Bu baxımdan 2-ci turda Vaşadzenin qələbəsi ilə müxalifət hakimiyyətə gəlmiş sayılmayacaq. Amma prezident hər halda, prezidentdir, o, beynəlxalq aləmdə ölkəni təmsil edir, hökumətin razılığı ilə müqavilələrə imza atır, səfirləri təyin edir və məhkumları əfv etmək, əcnəbilərə vətəndaşlıq vermək kimi hüquqlara malikdir. Sonuncu iki məsələ Gürcüstan daxili siyasəti üçün çox önəmlidir, çünki Saakaşvili haqqında məhkəmə hökmləri var və o, ölkə vətəndaşlığını da itirib. Vaşadze seçilərsə, Saakaşvilini və həbsdə olan keçmiş baş nazir, polis sistemində radikal islahatların müəllifi Vano Merabişvilini əfv edəcək. Əlbəttə, hakim partiya konstitusion çoxluğundan istifadə edərək prezidentin bu səlahiyyətlərini əlindən ala, yaxud onun qərarlarını başqa şəkildə bloklaya bilər. Lakin bu cür konfrontasiya yolunun seçilməsi ölkədə gərginlik, vətəndaş qarşıdurması yaradacağı üçün riskli addım olar. “Qələbə psixoloji üstünlüyün müxalifətə keçməsinə səbəb olacaq” “Prezident seçkilərində qələbə müxalifətin 2020-ci il parlament seçkilərində qələbəsinin əsasını qoya bilər və bu baxımdan da önəmlidir. Çünki qələbə psixoloji üstünlüyün müxalifətə keçməsinə, onun sıralarının genişlənməsinə səbəb olacaq, ən əsası isə insanlar ölkədə vəziyyətin dəyişdiyinə inanmağa başlayacaq. Bu baxımdan ilk turun nəticələri İvanişvili üçün kabus oldu. Tablo göstərir ki, Vaşadzenin şansı daha yüksəkdir, çünki onun rezervləri daha çoxdur, nəinki rəqibinin. Artiq Bakradze ikinci turda Vaşadzeni dəstəkləyəcəklərini açıqlayıb. Usupaşvilinin də eyni qərarı verəcəyi gözləniləndir. Adı çəkilən namizədlər birlikdə 13,2% səs alıb, bu isə ikinci turda Vaşadzenin qələbəsi üçün yetərlidir. Düzdür, siyasətdə 1+1 heç də hər zaman 2 etmir, amma Vaşadzenin Caparidze və Natelaşvilinin də seçicilərinin müəyyən hissəsini özünə cəlb etmək imkanı var”,-deyə politoloq nəzərə çatdırıb. “Zurabişvilinin antireytinqi yüksəkdir” Cəfərli onu da vurğulayıb ki, ana dilində səlis danışa bilməyən, Rusiya ilə müharibədə öz ölkəsini günahkar bilən Zurabişvilinin isə antireytinqi yüksəkdir və iqtidar texnoloqları onun 2-ci tur ərəfəsində xalqa daha sevimli görünməsi, əlavə səslər cəlb edə bilməsi üçün xeyli tərləməli olacaqlar. Şamo EMİN, Hurriyyet.org