PREZİDENT 2 RAYONA BAŞÇI TƏYİN ETDİ – Yeni icra başçılarının dosyesi

Baxış sayı:
1562

Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az
xəbər verir ki, sərəncama əsasən Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamına əsasən, Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliyev yeni icra başçılarını videoformatda qəbul etdi
Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı videoqəbulda çıxış edib.
Yeni icra başçıları kimdir?
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Biləsuvar rayonuna icra başçısı təyin edilən Faiq Qürbətovun bioqrafiyası ictimai marağa səbəb olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Qürbətov 2018-ci ildən İctimai televiziyanın Aparat rəhbəri vəzifəsində olub. O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Dövlət başçısının bu gün Saatlıya icra başçısı təyin etdiyi Elmir Bağırov gənc kadrdır. O, 1980-ci ildə Masallı rayonunda anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. 2001-2003-cü illərdə Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini bitirib. 2006-2015-ci illərdə Heydər Əliyev Fondunda işləyib. 2009-cu ildən Dövlət İdarəçilik Akademiyasında elmi fəaliyyətlə məşğul olur. 2015-ci ildən Dənizkənarı Bulvar İdarəsində Aparat rəhbəri vəzifəsini daşıyır. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.

Muxalifet.az