Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər

Ukrayna gələcəkdə Avropa İttifaqına üzvlüyə iddia edə bilər.
 
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu bu gün Slovakiya ilə sərhəddə Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar keçirilən təntənəli tədbirdə Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.
 P. Poroşenko deyib ki, Ukrayna islahatlar yolunda böyük irəliləyişlər əldə etdikcə onun və Ukrayna xalqının ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmasının zəruriliyi barədə arqumentləri artır: “Çünki Ukrayna Avropa ölkəsidir".
 Qeyd edək ki, bu gündən başlayaraq Ukrayna vətəndaşları Şengen zonasına vizasız səyahət etməyə başlayıb. Ukraynalılar turist və sahibkar qismində, o cümlədən ailə məsələləri ilə əlaqədar 90 gün vizasız səyahət etmək hüququna malikdirlər. Ukrayna Dövlət Sərhəd Xidməti ilk saat ərzində 600 ukraynalının sərhədi keçdiyini açıqlayıb./apa