"PAYTAXTI TƏRK ETMƏYİN..." - ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri məlumat yayıb

Baxış sayı:
1006

Sentyabrın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağa çağırıb. Bununla bağlı səfirliyin rəsmi internet səhifəsində məlumat yayılıb.

Buna səbəb kimi isə son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib. Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunub. 

ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

"Səfirlik təhlükəsizliklə bağlı vəziyyəti izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, - məlumatda qeyd olunub.

ABŞ-ın İrəvandakı səfirliyinin yaydığı xəbərdarlıqda isə bildirilir ki, Birləşmiş Ştatlar vətəndaşları Ermənistanda Dilican milli parkından şimala, Tavuş vilayətində Gürcüstanla sərhədə, habelə Dağlıq Qarabağa səfərlərdən çəkinməlidir.

Bəyanatda deyilir ki, səfirlik sərhəddəki situasiyanın inkişafını izləyəcək və bu haqda öz vətəndaşlarına əlavə məlumat verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanın təmas xətti boyu əlavə qüvvələr cəmləşdirdiyini və yeni hərbi təcavüzə hazırlaşdığını bəyan edib. Dövlət başçısı xəbərdarlıq edib ki, düşmənin istənilən təcavüzünə sərt cavab veriləcək.

Qeyd edək ki, iyulun 14-də Tovuz istiqamətində baş vermiş gərginlik zamanı ABŞ Dövlət Departamenti bəyanat vermişdi. “Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycanın beynəlxalq sərhədində baş verən zoraklıq faktını kəskin şəkildə qınayır.Tərəfləri dönmədən gücdən istifadənin dayandırılmasına, kommunikasiyaların mövcüd kanalların istifadəsinə çağırırıq” deyə, bəyanatda qeyd olunurdu.

Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında yardım etməyə hazır olduğunu ifadə etmişdi. Həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırmışdı.

İyulun 21-də Amerika Birləşmiş Ştatlar daha bir bəyanat yayaraq “tərəfləri gərginliyi artırmaqdan çəkinməyə və təmas xəttində və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün tədbirlərin dərhal nəzərdən keçirməyə” çağırmışdı. Bəyanatda bildirilirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də danışıqların münaqişənin həllində irəliləyiş gözləyən bölgə əhalisinə davamlı sülh gətirmək üçün yeganə yol olduğunu vurğulayıblar.

Bir neçə gün əvvəl yenidən sərhəddə baş vermiş gərginlikdən sonra-sentyabrın 21-də ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb. “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə ABŞ dövlət katibi qeyd edib.

Yeri gəlmişkən, ötən ilin iyununda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında on il sonra ABŞ-ın vasitəçiliyi ilə Vaşinqonda görüş keçirilmişdi. Ekspertlər hesab edirdilər ki, görüşün Vaşinqtonda keçirilməsi münaqişənin həllində ABŞ-ın rolunun güclənməsiylə istəyi ilə bağlı idi. Ancaq nazirlər arasında görüş üç saatdan artıq çəksə də, hər hansı ciddi razılaşma əldə edilmədi.