OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRDİ - Son vəziyyət və gözləntilər açıqlandı / VİDEO, YENİLƏNİB
Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi keçirilib. Brifinqdə koronavirusla bağlı ölkədəki son vəziyyət açıqlanıb.
Mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev iştirak edib.
Yaqut Qarayeva yoluxmanın dünyanın əksər ölkələri ilə yanaşı Azərbaycanda da kəskin artdığını qeyd edib, nəticədə ölkənin səhiyyə sistemi üçün yüklənmənin də artdığını vurğulayıb. Onun sözlərinə görə, yoluxma əmsalı hazırda 23 faizdir.; "Son günlər ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlər yüksəkdi. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.
***
“Xəstəlik artır. Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. Biz bunu başa düşürük. Ancaq COVID-19-a yoluxan şəxslərin hansı əziyyətlərin çəkdiyini artıq bilirik”,-Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqdə deyib.
Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır: "Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində də 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb".
Y.Qarayeva qeyd edib ki, vaksinasiya 100 faizlik effektiv deyil. Lakin Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində yoluxma, ağırlaşma müşahidə olunub.
Onun sözlərinə görə, 6 milyon ümumi doza vaksin vurulub: “Bu gün 24 faiz əhalimiz vaksinasiya olunmuş sayıla bilər".
Prezidentin köməkçisi Şahmar Mövsümov isə bildirib ki, yoluxmaların sayı yüksək olsa da bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir: “Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".
Ş.Mövsümov qeyd edib ki, indiyədək heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib .Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb: “Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”.
Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyi tərəfindən qapalı məkanlarda COVİD pasportunun necə yoxlanılacağına dair mexanizm açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, bütün ticarət obyektlərinin, təhsil müəssisələrinin və s. qarşısına polisin qoyulması nəzərdə tutulmur. Həmin məkanlara daxil olanların COVİD pasportunun yoxlanılması obyektin sahibinin üzərinə düşəcək.
Eyni zamanda DİN monitorinq qrupları həmin qapalı yerlərdə monitorinqlər keçirəcəklər: “Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək”. E.Hacıyev deyib ki, monitorinqi həyata keçirən polis əməkdaşları qəfil reydlər keçirəcəklər, bu zaman onlar həm polis formasında, həm mülki formada ola bilərlər.
Onun sözlərinə görə, əyani tədrisin başlaması üçün hər kəs qaydalara əməl etməlidir: “Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”
***
“Təəssüf ki, saxta COVID-19 pasportu verən tibb işçiləri var. Xəstələr var ki, onların pasportu var və reanimasiyadadır. İnsan öz əli ilə pul verib və bu gün onun həyatı təhlükə altındadır”,-Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, bu kimi faktlar araşdırılır:“İnsanlar nəinki öz həyatı ilə oynayırlar, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bununla mübarizə davam edir. Buradan da tibb işçilərinə xəbərdarlıq edirik ki, bu kimi hallara yol verənlər məsuliyyətə cəlb olunacaqlar”.
***
Prezidentin köməkçisi onu da bildirib ki, karantin rejiminin sərtləşdirilməsi gündəmdə olmasa da sentyabrın 1-dən bəzi məhdudiyyətlər qüvvədə olacaq. Hansı ki, bunlar daha əvvəl Operativ Qərargah tərəfindən tətbiq edilib. Məhdudiyyətlər ali təhsil müəssisələrinə, restoran və şadlıq evlərinə, digər qapalı ictimai məkanlara girişin ancaq COVİD-19 pasportu ilə mümkünlüyünü nəzərdə tutur.
***
Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib ki, hazırda Azərbaycanda yoluxmaların sürətlə artması koronavirusun “delta” ştammı ilə bağlıdır. “Araşdırmalara görə yeni yoluxmaların 94 faizi “delta” ştammının payına düşür”,-Mövsümov deyib. O, əlavə edib ki, “delta” ştammının yüksək yoluxduruculuq qabiliyyətini nəzərə almaqla tibbi maskalardan istifadənin əhəmiyyəti yenidən artır.
TƏBİB nümayəndəsi Yaqut Qarayeva da yoluxmaların kəskin artmasının “delta” ştammı ilə əlaqəli olduğunu deyib.
***
Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, orta məktəblərdə dərslərin sentyabrın 15-dən ənənəvi qaydada başlanması nəzərdə tutulur. Lakin o, yekun qərarın epidemioloji vəziyyətə uyğun olaraq və sentyabrın əvvəllərində vəziyyətin yenidən dəyərləndirilməsindən sonra qəbul ediləcəyini deyib.