Ölkəni tərk edən xanım aparıcılar… - Əksəri ANS-in keçmiş işçiləridir

ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib. Bu barədə ötən gün aparıcının özü “Facebook” səhifəsində məlumat yayıb: “Əziz dostlar! Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”. 
Xatırladaq ki, Tünzalə Rafiqqızı uzun müddət ANS-də redaktor, “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri işləyib. ANS-in efiri bağlandıqdan sonra aparıcı “Space TV”-də xəbər xidmətinin müdir müavini vəzifəsində çalışmışdı. Lakin 3 aydan sonra onun vəzifə səlahiyyətlərinə xitam verilmişdi.
  
Qeyd edək ki, son aylarda bir-birinin ardınca bir neçə xanım aparıcı ölkəni tərk edib. Onların ölkəni tərk etmə səbəbləri isə müxtəlifdir. Məsələn, 3 ay öncə ANS-in qalmaqallı aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçdü. Teleaparıcı sosial şəbəkədə məlumat yayaraq ABŞ-a köçməsini bu ölkədə təhsil alması ilə bağlı olduğunu bildirmişdi. 
 
Onun ardınca isə ANS-in digər keçmiş aparıcısı Elnarə Təhməzova da ölkəni tərk edərək İngiltərəyə köçdü. Aparıcı ölkəni hansı səbəbdən tərk etdiyini açıqlamayıb. Xatırladaq ki, E.Təhməzova 2011-15-ci illər ərzində ANS-in tanınmış simalarından biri olub. Zamanında “İncə maraqlar” verilişinin aparıcısı olan E.Təhməzova həmin verilişdəki hicab qalmaqalına görə şirkətdən qovulmuşdu.
 
ANS-in gözəl simalarından biri olan Nigar Mahmudova da son vaxtlarda ölkəni tərk edən xanım aparıcıların siyahısındadır. Qeyd edək ki, əsl peşəsi modelyer və rəssam olan N.Mahmudova jurnalist fəaliyyətinə ANS-in efirində başlamışdı. O, 2016-cı ilə qədər adıçəkilən televiziyada ”Düz bucaq”, “Salam Azərbaycan”, “Səhər” və “Xəbərçi” verilişlərinin aparıcısı olmuşdu. Məlum səbəbdən ANS şirkəti bağlanıldıqdan sonra N.Mahmudova heç bir televiziya ekranında görünmədi. Bir neçə ay öncə isə onun ölkəni tərk edərək birdəfəlik Türkiyəyə köçdüyü məlum oldu.
 
Teleaparıcı Aynur Talıbova da bir müddət öncə ABŞ-a köçüb.