“Ölkəni 27 ildi “qamçı” ilə idarə edirsiniz, arada bir “kökə” də göstərin” – NATİQ CƏFƏRLİ NAZİRİN ÇIXIŞINA REAKSİYA VERDİ

“Dünən İqtisadiyyat Naziri hörmətli Mikayıl Cabbarov koronavirusla bağlı hökumətin atacağı addımlar, tədbirlər haqqında maraqlı çıxış etdi. Bu günə qədər səsləndirdiyimiz bir çox məsələlərə doğru istiqamətdə yanaşdı, amma sonda iki cümlə dedi ki, bütün əvvəl söylədiklərinin üzərindən xətt çəkdi”.
Muxalifet.az
xəbər verir ki, bu bu sözləri REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.
Qeyd edək ki, nazir özəl sektorda işəgötürənlərə müraciət edərək onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb. O, vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.
Natiq Cəfərli bu çıxışı ilə bağlı Mikayıl Cabbarova bir neşə sual ünvanlayıb: “Hörmətli Mikayıl müəllim, nə zamana qədər iş adamları ilə təhdid dilində danışacaqsınız? Nədir o sərt tədbirlər? Cərimə edəcəksiz, həbsə atacaqsız?! Tutalım, mən iş adamıyam, kafe-restoran işlədirəm, Siz – hökumət olaraq mənə işləməyi rəsmən qadağan etmisiniz, mən – iş adamı olaraq bunu anlayışla qarşılaya bilərəm, virus ciddi məsələdir, tədbirlər görülməlidir. Amma mənim, məsələn, 10 işçim var, hamısına ya günəmuzd, ya da aylıq maaş verirəm, bu vəsaitin mənbəyi isə etdiyim alverdir – indi isə həm siz rəsmən qapatmısınız obyekti, həm də 3 saat işləmək üçün ayırdığınız qısa dönəmdə belə, kafeyə müştəri zatən gəlmir. Mən o 10 işçinin pulunu necə verim?! Cibimdən? Xub, bəs bu iş nə qədər belə davam edəcək?! Bilirsiniz dəqiq?! Bilmirsinizsə və rəsmən ÖZ qərarınızla mənə işləməyə icazə vermirsinizsə, mən pul qazana bilmirəmsə, işçilərə necə maaş verim?! Ölkəni 27 ildi “qamçı” ilə idarə edirsiniz, arada bir “kökə” də göstərin də, olmur axı belə! Yazdığım qeyri-ərzaq mağazalarına da aiddir – müştəri yoxdur! Hamı vəsaitinə qənaət edir, ərzağa-dərmana, kommunal xərclərə pul saxlayır, heç kim indi gedib özünə ayaqqabı, pal-paltar alan deyil – bəs elə dükan işlədən iş adamları işçilərinin maaşlarını nə ilə ödəsin?! Siz elə bilirsiniz ki, “cazalanacaq” dediyinizə görə, hamı qorxacaq?! Olmur belə, olmur ay müəllim...”.